Rusiya bilməlidir ki, nə etməsindən asılı olmayaraq bu gecə Vaşinqtonda onun iştirakı olmadan tarixi sənədlər imzalanacaq.
Bunu “Report”a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
O, ötən ilin dekabr ayında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Rusiya tərəfindən vurulmasına diqqət çəkərək bu hadisənin Rusiya-Azərbaycan münasibətlərini korladığını vurğulayıb:
“Azərbaycan bu məsələ ilə bağlı haqlı tələblərini irəli sürdükdən sonra Rusiya həmin tələbləri yerinə yetirmək əvəzinə münasibətləri daha da gərginləşdirəcək fəaliyyətlə məşğul oldu. Artıq iş o yerə çatıb ki, Rusiyanın müxtəlif media orqanlarında vaxtilə Ukrayna haqqında yazılan, səsləndirilən tezislər, fikirlər indi Azərbaycanla bağlı dilə gətirilir. Azərbaycan haqqında tamamilə əsassız fikirlərin şahidi oluruq, bu isə Bakı-Moskva münasibətlərinə ciddi zərbə vurur”.
Ekspert qeyd edib ki, özünə qardaş olan Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı törətdikləri təəccüblü deyil:
“Rusiya rüsvayçı vəziyyətə düşüb. Bu dövlət postsovet məkanında faktiki olaraq Ermənistandan sonra ikinci işğalçı ölkədir. Belə məsələlərə görə postsovet məkanı Rusiyadan üz döndərir. Xatırlatmaq yerinə düşər ki, bu gün Rusiyanın Gürcüstana qarşı işğalçı müharibəyə başlamasının 17-ci il dönümüdür”.
Siyasi şərhçi vurğulayıb ki, Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB-nin durumu ürəkaçan deyil, qurum faktiki olaraq dağılır, Moldova oranı tərk edib, Azərbaycan onun tədbirlərinə qatılmır. Bu konteksdə İ.Hüseynov Baş nazirin müavini Yaqub Eyyubovun MDB İqtisadi Şurasının iclasını iqnor etməsini göstərib.
Müsahib bildirib ki, Rusiyanın Azərbaycana qarşı hazırkı addımları həm də 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik haqqında bəyannamənin ruhuna ziddir.
“Ukraynanın Odessa vilayəti istiqamətində qaz kəməri sistemi və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin hədəfə alınması, növbəti dəfə zərbələrin Azərbaycanın maraqlarının təmsil olunduğu yerə tuş gəlməsi heç də təsadüfi deyil. Bununla Rusiya diqqəti öz üzərinə çəkmək istəyir. Rusiya sanki Azərbaycana xəbərdarlıq etməyə çalışır, ancaq bilməlidir ki, cəhdləri əbəsdir. Bu gecə Vaşinqtonda onun iştirakı olmadan tarixi sənədlər imzalanacaq”, - İ.Hüseynov qeyd edib.
Xatırladaq ki, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub. Zərbələr nəticəsində 4 nəfər ağır yaralanıb.