EN

Rusiya dronlarla Qafqazda sülhün qarşısını ala bilməyəcək

BAKI, 8 avqust. TELEQRAF

Hazırda dünyanın bütün diqqəti ABŞ-dədir. Vaşinqtonda - Ağ Evdə Azərbaycan və Ermənistan tarixi görüş keçirilir. Birləşmiş Ştatlar lideri Donald Trampın səyi nəticəsində Cənubi Qafqazda yeni tarixin təməli qoyulur. Şübhəsizdir ki, bu görüşün keçirilməsinə, eyni zamanda sülhün əldə olunmasına mane olmaq istəyən qüvvələr var. Artıq həmin qüvvələr hərəkətə keçməkdədir.

Teleqraf xatırladır ki, 2 gün əvvəl işğalçı Rusiya ordusu Ukraynada Azərbaycanın qaz tədarükü üçün istifadə etdiyi mühüm enerji infrastrukturuna hava zərbəsi endirdi. Bu, rəsmi Moskvanın məkirli siyasətinin daha bir təzahürü idi. Hələ ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından sonra qarşı tərəf məsuliyyəti üzərinə götürməmiş, Azərbaycan Prezidenti İlham Əliyevin tələblərindən boyun qaçırmışdı. Tarixə nəzər salsaq, aydın görünür ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında nəticəsiz görüşlər keçirilib. Görünür, rəsmi Moskvanın əsas niyyəti sülh olmayıb. Bu ilin yanvarından ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın səyləri nəticəsində bir neçə ay ərzində ciddi uğurlar əldə olundu.

Artıq ölkələr razılığa gəlib, real nəticələr barəsində müzakirə aparırlar. Bu, həm də Donald Trampın Azərbaycan liderinə ehtimadından irəli gəlir. Görünür, Rusiya bunu həzm edə bilmir və cılız addımlar atmaqdadır. Belə ki, son iki gün ərzində Azərbaycan neftinin də ixrac edildiyi Uktraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, həmçinin SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə hədəfə alınması və zərbələrə məruz qalması Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin nümunəsidir. Bu addımlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq istəyinin, eyni zamanda ölkəmizə qarşı məkirli siyasətin təzahürüdür.

Azərbaycan hələ də AZAL-ın təyyarəsinin vurulmasını unutmayıb. Həmçinin Yekaterinburqda Azərbaycan diasporuna qarşı addımlar Rusiyanın ölkəmizə təzyiqi kimi qiymətləndirilsə də, Azərbaycan lideri İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində dünyanın heç bir qüvvəsi tarixi razılaşmanın qarşısını ala bilməyəcək.

Qardaş Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı bu addımları təəccüblü deyil.

Rusiya unutmamalıdır ki, Azərbaycan bütün bu addımlara səssiz qalmayacaq. Moskavanın təsir vasitəsi hesab etdiyi MDB-nin hazırkı vəziyyəti, Moldova bu qurumu tərk etməsi, Azərbaycanın onun tədbirlərinə qatılmaması ölkəmizin ilkin reaksiyalarıdır. Rusiya yırtıcı və dağıdıcı siyasətindən əl çəkməli, Azərbaycanın tələblərini yerinə yetirməlidir. İstər rəsmi Moskva, istərsə də dünya ölkələri unutmamalıdır ki, Azərbaycanı heç bir qüvvə yolundan döndərə bilməz.

Chosen
14
teleqraf.com

1Sources