EN

"Zəngəzur dəhlizi bizim maraqlarımıza uyğun açılacaq" - Azay Quliyev

Azərbaycan və Ermənistan arasında bu gün Ağ evdə keçiriləcək görüşdə Sülh sazişinin imzalanması gözlənilir. Vaşinqton danışıqları ilə bağlı millət vəkili Azay Quliyevin fikrilərini öyrəndik. Müsahibəni təqdim edirik:

- Əvvala onu demək lazımdır ki, ABŞ Prezidenti cənab Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevi Vaşinqtona işçi səfərə dəvət etməsi hər iki ölkənin maraqları baxımından çox mühüm tarixi hadisədir. Ona görə ki, Bayden dönəmində ikitərəfli münasibətlərdə ciddi problemlər yaşanmış və ölkəmizə qarşı davamlı olaraq qərəzli siyasət sərgilənmişdir. Bildiyiniz kimi, cənab İlham Əliyev dəfələrlə bu barədə fikrini bildirmiş və Tramp administrasiyası dönəmində ölkələrimiz arasında olan xoş münasibətləri xatırladaraq yeni dönəmdə də Tramla qarşlıqlı maraqlara söykənən əməkdaşlığa, hətta, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazır olduğunu qeyd etmişdi. İndi artıq Prezident Tramp əməli addım ataraq Prezident Əliyevi ABŞ-a səfərə dəvət etməklə ikitərfəli münasibətləri yenidən qurmağa, zədələnmiş əlaqələri bərpa etməyə hazır olduğunu bəyan etmiş oldu. Əminəm ki, bu, səfər Azərbaycan-ABŞ münasibətlərində yeni keyfiyyət mərhələsinin əsasını qoyacaq, ikitərəfli gündəliklə bağlı bütün məsələlər ətraflı müzakirə olunacaq və strateji tərəfdaşlığın yol xərtiəsi hazırlanacaqdır. Bu baxımdan strateji tərəfdaşlığın qarşısında əsas maneə olan 907-ci düzəlişin icrasının dayandırılması və sonrakı mərhələdə ləğvi də qaçılmaz olacaqdır. Bu səfərin həm də çox ciddi geosiyasi nəticələri olacaq, Azərbaycanın regiondakı liderlik rolunu daha da möhkəmləndirəcək və bizim maraqlarımıza uyğun Zəngəzur dəhlizinin açılması baş tutacaq. Şübhə yoxdur ki, hazırda dünyada baş verən təhlükəsizlik böhranı, regionda artan gərginliyin və Rusiyanın ölkəmizə qarşı sərgilədiyi qeyri-dost siyasəti, addımları və ritorikası fonunda Azərbaycanla ABŞ arasında dostluğun və əməkdaşlığın yenidən dirçəldilməsi və strateji xarakter alması xüsusi əhəmiyyətə malikdir.

Nəhayət, onu da xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Liderinin ABŞ-a yüksək səviyyədə səfərə dəvət olunması və əldə olunacaq tarixi razılaşmalar ilk növbədə Prezident İlham Əliyevin beynəlxalq arenada artan nüfuzu, diplomatik məharəti, siyasi iradəsi və regionda yaratdığı yeni reallıqlarla birbaşa bağlıdır. Sülhlə bağlı əldə olunan istənilən nəticə beynəlxalq ədaləti bərpa etmiş Prezident İlham Əliyevin növbəti qələbəsi kimi tarixə düşəcəkdir!

O ki qaldı sülh sazişi ilə bağlı sualınıza, bəli, Vaşinqtonda həm ikitərəfli, həm də üçtərəfli formatda, yəni, Tramp-Əliyev-Paşinyan görüşünün baş tutacağını və Ağ Evdən verilən müsbət bəyanatları nəzərə alsaq, sülh sazişi istiqamətində ciddi addımların atılacağını və müvafiq sənədin imzalanacağını söyləmək mümkündür. Bildiyiniz kimi, Azərbaycanın şərtləri əsasında hazırlanan sülh sazişinin mətni bu ilin mart ayında tərəflər arasında razılaşdırılıb, lakin onun imzalanması üçün Ermənistanın konstiutusiyasından ölkəmizə qarşı ərazi iddiası olan hissənin çıxarılması və ATƏT-in Minsk qrupu və ona aid strukturların rəsmən ləğv edilməsi məsələsi hələki həllini tapmayıb. Hesab edirəm ki, Vaşinqtonda Ermənistan Baş naziri Nikol Paşinyan hər iki məsələ ilə bağlı ciddi öhdəlik götürəcək, Minsk Qrupu və ona aid strukturların ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-ə birgə yazılı müraciəti də qəbul olunacaq.

- Prezident İlham Əliyevin də dediyi kimi sazişin hazırkı iqtidarla deyil erməni xalqı ilə bağlanması əsas məsələdir. Bu sazişə bütün Ermənistanın etimad etməsi önəmlidir. Hazırkı vəziyyət bizə bu haqda hansı məlumatları verir. Yəni erməni xalqı davamlı sülhə hazırdırmı, ümumiyyətlə hansı proseslər tərəfləri davamlı sülhə apara bilər?

-Bəli, cənab Prezidentin bu yanaşması həm hüquqi, həm siyasi, həm tarix, həm də gələcək baxımdan çox doğru və strateji yanaşmadır. Çünki Prezident Əliyev sülh sazişini formal olaraq sülh sənədinin əldə edilməsi naminə imzalamır, burada əsas məqsəd hazırkı və gələcək nəsillərə real sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün əsaslı mexanizmlər yaratmaqdan ibarətdir. Erməni xalqı revanşist qrupları və Azərbaycanafob ünsürləri cəmiyyətdən tam olaraq təcrid etməsə, dağıdıcı milli ideologiyasını dəyişməsə qalıcı sülhə nail olmaq mümkün olmayacaq. Ermənistan cəmiyyəti konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxartmasa, heç bir sənəd qalıcı sülhü və barışı təmin edə bilməyəcək. Bizə elə bir sülh sazişi lazımdır ki, hökumətlərdən asılı olmadan heç vaxt pozulmasın, heç bir üçüncü tərəf son 200 ildə olduğu kimi qanunvericilikdə olan “partlamamış minalardan” istifadə edərək yenidən Cənubu Qafqazda milli və etnik zəmində münaqişəni alovlandıra bilməsin. Məhz buna görə də bizim Prezidentin sülh siyasəti bu günə deyil, bundan sonrakı on illiklərə hesablanıb və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı və qətiyyətlə dəstəklənir.

Chosen
22
1
aznews.az

3Sources