EN

Cahangir Əsgərovun 170 milyon manat qazanmasının "qanun(suz)i əsasları"...


Şəmsəddin Əliyev: "Azərbaycanın əksər məmurları vəzifəsindən - ona verilən səlahiyyətlərdən sui-istifadə edərək, yəni cinayət yolu ilə varidat toplayır"

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.

Həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub. Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.

Keçmis dövlət məmuru olmuş bir şəxsin 170 milyon manat pulunun olması barədə deklarasiyası, onun qazanılma mənbəyi barədə hər hansı bir izah ola bilərmi? Məmurun bankının olması nə deməkdir, o aldığı maaşla bank qura bilərmi?

AZAL prezidenti olduğu dövrlərdə qiymət artımı ilə ad çıxaran Cahangir Əsgərovun milyonlarının olması nə deməkdir?

Məsələni baki-xeber.com-a şərh edən hüquqşünas Şəmsəddin Əliyev bildirdi ki, Azərbaycan vətəndası kimi o da bundan çox təsirlənib: "Bütün bunlar ondan irəli gəlir ki, dövlət başçısının etibar etdiyi, etimad göstərdiyi məmurlar o etimada və etibara xəyanət edir. Onlar öz şəxsi maraqlarını dövlətçilik maraqlarından, hətta prezidentin imzasından da üstün tuturlar. Bu məmurlarda varlanmaq, əmlaka hərislik hissləri hər şeyə üstün gəlir. Azərbaycan mühitində leqal olaraq belə varlanmaq üçün nə iqtisadi, nə də hüquqi imkanlar var. Dövlət orqanlarında çalısan məmurların davranış kodeksləri var. Onlar bu kodeksə sadiq qalmalıdırlar. Əgər onların izafi gəlirləri varsa, birincisi bu gəlirlər qanuni yollarla gəlməlidir, ikincisi, həmin gəlirlər deklarasiyada göstərilməlidir. Bu istiqamətdə düşünərkən çox bəsit bir təhlil ortalığa çıxır. Yəni bu gün Azərbaycanda çalışan hər bir dövlət məmuru qanuni yollarla bu qədər varidata sahib ola bilməz. Bunlar yalnız korrupsiya, dələduzluq və rüşvət yolu ilə əldə edilən vəsaitlərdir. Məmurlar vəzifəsindən, ona verilən səlahiyyətlərdən sui-istifadə edərək, yəni cinayət yolu ilə varidat toplayır. Prosessual hüququn tələbləri ilə ifadə etsək, bu, cinayət yolu ilə toplanmış pullardır. Bu pullar mütləq mənada dövlətin xeyrinə Cahangir Əsgərovdan alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu istiqamətdə cinayət işinə start verilməli olan hallar aydın göstərilib. Vətəndaş haqqında KİV-lərdə və sosial şəbəkələrdə dərc edilən məlumatlar əsasında hüquq-mühafizə orqanları səlahiyyətləri çərçivəsində müəyyən prosessual addımlar atmalıdırlar. İstintaq nəticəsində dərc edilən faktlar sübuta yetirilərsə, cinayət işıi açıla bilər. Həmin pullar dərhal xarici və daxili banklardan dövlət büdcəsinə köçürülməlidir. Həmin şəxsin və onun pullarının Azərbaycana gətirilməsi hüquqi baxımdan çox rahatdır. Yetər ki, faktla bağlı cinayət işi açılsın. Əgər cinayət işinə başlanılarsa (yəqin ki, başlanılacaq), Cahangir Əsgərovun ölkəyə gətirilməsi və istintaqın obyektiv aparılması təmin ediləcək.

Əslində korrupsiya və vəzifə cinayətləri vətənə xəyanət kimi qəbul edilməli, korrusionerlər və vəzifəsindən bax bu şəkildə sui-istifadə edənlər isə satqına bərabər tutulmalıdır. Nə qədər ki belə deyil, dövlətə onlardan ziyan çox dəyəcək".

Dəniz NƏSİRLİ

Chosen
124
baki-xeber.com

1Sources