EN

"Bir erməni dostluq abidəsinə mina qoyub partladanda özü həlak olmuşdu"-ÖZƏL

"Mənim hər iki valideynim Göyçə mahalının, Basarkeçər rayonunun, Daşkənd kəndində doğulublar. Onlar 1948-1953-cü illərdə Qərbi Azərbaycandan Bərdə rayonuna deportasiya olunublar. Mən 1973-cü ildə həmin kənddə doğulmuşam. Biz hər il yay tətilində Göyçə mahalına gedib, orada qalıb istirahət edərdik. Mən səhv etmirəmsə 3-4 yay orada qalmışam. Biz Göyçədə istirahət edəndə əmimgilə gedərdik. O tanınmış şəxs idi. Mən onlarda qalırdım. Həmin vaxtlarda mən əmimuşaqları ilə kənd ərazisində quzu otarardıq, çayda çimərdik, at sürərdik. At minməyi orada öyrənmişdim. Çox sərin havası, gözəl təbiəti var idi. Qədim kənd idi. Orada elə alban abidələri var idi ki, üstündə 11-12-ci əsrlərdə tikildiyi yazılmışdı. Yaxşı xatırlayıram, qədim Oğuz qəbirstanlığı var idi. 7-8 zağa var idi. Daşkəndlilər onun içində mal-heyvan saxlayardılar, toy edərdilər. Çoxlu yer-yurd toponimləri mövcud idi"
 
Bunu Moderator.az-a açıqlamasında əslən Qərbi Azərbaycandan olan tədqiqatçı jurnalist Araz Yaquboğlu bildirib.
O daha sonra əlavə edib:
 
"Göyçə mahalını yaxşı xatırlayıram. Bizim kəndimiz Kəlbəcərin Zar, Zəylik kəndlərinin o üzündə idi. Bir dağın bu tərəfi dediyim kəndlər idi, digər üzü isə Basarkeçər rayonunun Şorca, Daşkənd kəndi idi. Mənim valideynlərimlə 1986-cı ildə çəkdirdiyim bir foto var. Həmin şəkili Azərbaycan, Ermənistan, Gürcüstan xalqlarımın dostluqlarının şərəfinə ucaldılan bir mozaykalı abidənin qarşısında çəkdirmişik. İndiki "Alov qüllələri"-ni xatırladır. 1989-cu ildə hadisələr başlayan zaman bir erməni minanı aparıb həmin abidəyə basdırıb ki, bir neçə dəqiqə sonra abidəni partladsın. Minanı səhv quraşdırdığından özü oradaca ölmüşdü. Bu məlumatı şəxsən mən özüm o vaxt televizorda xəbərlər proqramında eşitmişdim. Bizimkilər Bərdəyə köçəndə Daşkənd kəndinin adına uyğun Bərdədə "Yeni Daşkənd" adlı kənd yaradıblar. 1953-cü ildə Basarkeçərdən Bərdəyə deportasiyaya "könüllü köçürülmə" adı verilib. Bərdə rayonunun indiki Yeni Daşkənd kəndinin ərazisində 7 çinar ağacı olub, insanları orada çöllük, biyabanlıq ərazidə yerləşdirib gediblər. 2023-cü ildə bizim Bərdə rayonunda Yeni Daşkənd kəndinin yaranmasının və deportasiyanın 70 illik yubileyi keçirildi. Həmin yubileylə bağlı mən də 480 səhifəlik kitab hazırlayıb, çap etdirdim. Orada qonaqlara təqdim etdim. Tədbirə Bakıdan da xeyli ziyalılar gəlmişdi. Müəyyən çıxışlar oldu. Mən də orada çıxış edərək xatırlatdım ki, 2022-ci ilin dekabr ayının 24-də prezidentin öz doğum günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməsi, icmanın üzvləri ilə, ziyalılarla görüşməsi bizdə tam əminlik yaratdı ki, biz Qarabağa, öz tarixi torpaqlarımıza addım atdığımız kimi, eləcə də Göyçə mahalına, Qərbi Azərbaycandakı digər yurdlarımıza qayıdacağıq. Bu əminlik hamıda var. Azərbaycanın möhkəmlənməsi, dünya siyasətində öz yerini tutması, sözünün keçərli olması, Ermənistanın qarşısında qoyulan tələblər bizdə bu əminliyi daha da artırır. Mənim bütün yaradıcılığım, axtarışlarım, tədqiqatlarım Qərbi Azərbaycanla, Göyçə mahalı ilə, öz kəndimizlə bağlıdır. Gənclərimizi də bu istiqamətdə məlumatlandırmağa çalışırıq. İstəyirik ki, onlar bu yerləri unutmasınlar. Ən azından biz görə bilməsək də, onlar bu yurdlara qayıtsınlar. İnanıram ki, gün gələcək biz də Göyçə mahalına, Basarkeçər rayonuna, Daşkənd kəndinə qayıdacağıq" deyə o bildirib.
Araz Yaquboğlu bildirib ki, Qərbi Azərbaycan torpaqlarında heç vaxt erməni yaşamayıb:
 
"Göyçə mahalında, Qərbi Azərbaycanın kəndlərində tarixən həmişə Azərbaycanlılar yaşayıb. O vaxtı indiki Ermənistan adlandırılan torpaqlarda Rusiyanın tarixçisi, Fransız əsilli alim İvan Şopen Qərbi Azərbaycanda insanları qeydə alıb. Hansı kənddə kimlər yaşayıbsa onları ata adı, yaş, soyadı ilə yazıb. Bu bütün Qərbi Azərbaycanı əhatə edir. Şopen bu qeydiyyatı 1840-cı illərdən aparmağa başlayıb. O siyahılara baxıb onu görmək olur ki, yaşayanların hamısı azərbaycanlılardır. Siyahıya alınma müxtəlif dövrlərdə, ayrı-ayrı illərdə yenidən aparılıb. Bunlar kitab şəkilində də çap olunub. Bu tarixi faktlar bir daha sübut edir ki, o torpaqlarda tarixən Azərbaycanlılar yaşayıb. Əgər ermənilər yaşayıblarsa, birinin adını, soyadını göstərsinlər" deyə o bildirib.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Qərbi Azərbaycan - maddi mədəni irsimiz” adlı layihəsi çərçivəsində hazırlanıb. 
Chosen
18
moderator.az

1Sources