“Böyük İpək yolu”nun tərkib hissəsi olanM2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.
Hazırda təmir işləri yolun 97.7-ci km-dən 104.5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğrayan köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir.
Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Tikintinin tərtib olunan qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.