Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadığı evdə baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Təhməz Məhərrəmov ailə münaqişəsi zəminində bacısı Təranə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.
Baş vermiş mübahisə zamanı qəsdən yumruq zərbələri bacısının sifətinə, başına və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub.
Onun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs onun bacısıdır: “Təxminən 10 il olar ki, bacım ilə birgə bağ evində yaşayıram, xəstə anamız var, gözdən əlildir. Ona Təranə qulluq edir. Hadisə günü, saat 16 radələrində evə gəldim. Evdə anamın tək olduğunu gördüm. Təranənin harada olmasını soruşanda şəhərə getdiyini bildirdilər. Onun xəstə anamızı evdə tək qoyaraq, mənə demədən şəhərə getməyindən əsəbləşdim. Bir qədər sonra bacım evə gəldi. Ona xəstə anamızı nəyə görə tək qoyub xəbərsiz şəhərə getməyini soruşdum. Təranə işi olduğunu və üstümə qışqıranda əsəbləşdim. Yumruq zərbəsi ilə onun başına, sifətinə və təpiklə isə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Sonradan mənə məlum oldu ki, bacım barəmdə şikayət edib”.
İş üzrə zərərçəkmiş Təranənin sözlərinə görə, təxminən 10 il olar qardaşı Təhməz ilə birgə bağ evində yaşayır, xəstə anası var, gözdən əlildir: “Anama mən qulluq edirəm. Hadisədən əvvəlki, 2 gün ərzində, hadisə günü Təhməz sərxoş vəziyyətdə evdə əsassız mübahisə yaradır, yerdə xalçanın üzərinə tüpürür, mənim əxlaqsız qadın olduğumu deyir. Hadisə günü, saat 16 radələrində evdə olarkən Təhməz sərxoş vəziyyətdə evə gəldi, məni qonaq otağında görən kimi əxlaqsız söyüşlər söyməyə başladı. O, Təhməzə söyüşləri ünvanına söydüyünü soruşdum. Bu zaman gözlənilmədən mənə yaxınlaşdı, yumruqla başıma, sifətimə, təpiklə isə bədənimin müxtəlif nahiyələrinə zərbələr vurdu. Məni döydü. Sonradan aldığım xəsarətlərdən halım pisləşdiyindən xəstəxanaya müraciət etdim”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təhməz 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Onun üzərinə cəza çəkdiyi müddətdə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət məhkumun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az