EN

Uşaq zorakılığı artır: ailələr və cəmiyyət həyəcan siqnalı almalıdır

Uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Onların sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsi cəmiyyətin sabitliyi və inkişafı üçün əsas şərtlərdən biridir. Təəssüf ki, dünyada və eləcə də ölkəmizdə bir çox uşaq zorakılığın müxtəlif formalarına məruz qalır. Bu zorakılıq onların fiziki, psixoloji və sosial inkişafına ciddi şəkildə təsir edir və gələcək həyatlarını təhlükə altına alır.

Zorakılıq - fiziki, psixoloji, emosional və ya cinsi istismar formalarında - uşaqların həyatına dərin və bəzən geri dönməz təsirlər buraxa bilir. Uşaq hüquqlarının qorunması beynəlxalq hüquqi çərçivələrdə, xüsusilə BMT-nin Uşaq Hüquqları Konvensiyasında önəmli yer tutsa da, bu hüquqlar hər zaman reallıqda qoruna bilmir. Zorakılığa məruz qalan uşaqların sayı illər keçdikcə artmaqda və bu hal cəmiyyətin bütün təbəqələrini narahat edən ciddi sosial problem kimi qalmaqdadır.

Uşaqlara qarşı müxtəlif növ zorakılıqlar edilir. Yumruq, şillə, kəmərlə döymə və digər bədənə zərərverici davranışlar fiziki zorakılığa aiddir. Bu cür zorakılıq nəticəsində uşaqlarda travmalar, bədən xəsarətləri və inkişaf gerilikləri müşahidə oluna bilər.

Təhqir, alçaltma, lağ etmə, qorxutma kimi davranışlar uşaqların özünəinamını məhv edir və onların psixoloji inkişafını mənfi təsir altına salır. Bu cür zorakılıq bəzən illərlə görünməz qalır, amma uzunmüddətli təsirləri dərin olur. Ən ağır zorakılıq formalarından biri olan cinsi istismar uşağın həm psixoloji, həm də fiziki həyatında sarsıdıcı izlər buraxır. Bu hallarda uşaq uzunmüddətli travma, depressiya və etimad problemləri ilə qarşılaşa bilər. Valideyn və ya qəyyumun uşağın əsas ehtiyaclarını - yemək, təhsil, tibbi xidmət və emosional qayğını - təmin etməməsi də zorakılığın forması sayılır. Bu, uşağın sosial və emosional inkişafında əngəllərə səbəb olur.

Həkim-psixoloq Arifə Məmmədova deyir ki, uşaqların zorakılığa məruz qalması onların psixoloji inkişafına dərin və uzunmüddətli təsir göstərir. Bu cür uşaqlar tez-tez özlərini dəyərsiz, qorxmuş və tək hiss edirlər. Zorakılıq nəticəsində uşaqlarda travmatik təcrübələrin yaratdığı qorxu və narahatlıq onların sosial münasibətlərinə və təhsildəki uğurlarına da mənfi təsir edir: “Psixoloji zorakılıq - məsələn, daimi tənqid, lağ və ya təhdid - bəzən fiziki zorakılıqdan daha dağıdıcı olur, çünki uşaq daxildə öz dəyərini və güvən hissini itirir. Belə uşaqlar gələcəkdə depressiya, özünəqapanma və ya əksinə - aqressiv davranışlar göstərməyə meylli ola bilirlər.  Zorakılığa məruz qalan uşaqlarda özünə inamsızlıq, sosial izolyasiya, təhsildə uğursuzluq, məktəbdən yayınma, intihara, cinayətə meyllilik halları müşahidə olunur.  Bu səbəbdən, zorakılığa məruz qalan uşaqlara zamanında psixoloji dəstək verilməli, onların sağalması üçün təhlükəsiz və dəstəkləyici bir mühit yaradılmalıdır".

Psixoloqun sözlərinə görə, zorakılığa məruz qalan uşaqlara göstərilən psixoloji dəstək onların psixoloji tarazlığının bərpası, emosional stabilliyinin təmin olunması və gələcəkdə daha sağlam şəxsiyyət kimi formalaşması baxımından həyati əhəmiyyət daşıyır: "Zorakılıq yaşayan uşaq üçün ilk və ən vacib mərhələ onun təhlükəsizlik hissini yenidən bərpa etməkdir. Uşaq nə qədər çox travma yaşamış olsa da, onun inana biləcəyi və onu dinləyəcək etibarlı bir böyüyə ehtiyacı var. Psixoloji müdaxilə bu inamın formalaşması ilə başlamalıdır. Zorakılığa məruz qalmış uşaqlara psixoloji yardım göstərərkən ilk öncə ona təhlükəsiz və dəstəkləyici mühitin yaradılmalıdır. Uşaqla ilk ünsiyyətdə məqsəd onun emosional cəhətdən rahat hiss etməsini təmin etməkdir. Psixoloq heç bir halda uşağı sorğuya çəkməməli, onu təzyiqə məruz qoymamalıdır. Emosional dəstək ilkin mərhələdə travmanın gücünü azaltmaqda böyük rol oynayır. Uşaq danışmağa hazır olduqda, onun fikirləri dinlənilməli və mühakimə olunmadan qəbul edilməlidir. Psixoloq valideyn və ya müəllim kimi “nə üçün belə etdin?”, “bəlkə sən günahkarsan?” tipli suallardan uzaq durmalıdır. Uşaq özünü günahkar hiss etdiyi müddətdə sağalma prosesi ləngiyir. Ona ‘sən heç bir günah etməmisən’ mesajı davamlı olaraq verilməlidir. Oyun terapiyası, sənət terapiyası, EMDR (göz hərəkətləri ilə desensitizasiya və yenidən işləmə) və CBT (kognitiv davranış terapiyası) kimi metodlar zorakılıq travmasını emal etməkdə effektivdir. Bu yanaşmalar uşağın yaşına və travmanın səviyyəsinə uyğun seçilməlidir. Uşağın ailəsində zorakılıq baş vermişsə, psixoloq mütləq valideynlərlə də işləməlidir. Lazım gəldikdə valideynlər maarifləndirilməli, bəzən isə hüquqi strukturlar prosesə cəlb edilməlidir. Uşağın sağalması yalnız fərdi terapiya ilə mümkün olmur. Ətraf mühit dəyişmədikcə, uşaq eyni psixoloji döngəyə düşür”.

Zorakılıq travması bəzən illərlə davam edə bilər. Uşağın məktəbə uyğunlaşması, sosial münasibətləri və davranışları psixoloq tərəfindən izlənilməli və dəstəklənməlidir: “Zorakılığa məruz qalan uşağa psixoloji yardım göstərmək - sadəcə bir terapiya seansı deyil, onun itirilmiş güvənini, sarsılmış inamını və qorunmağa olan ehtiyacını yenidən bərpa etmək prosesidir. Bu, zaman tələb edir, amma düzgün yanaşma ilə mümkündür”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, uşaqların zorakılığa məruz qalmasının birinci səbəbi ailədən qaynaqlanır: “Uşaqlara qarşı zorakılıq dedikdə, əksəriyyət yalnız şiddət, döyülmək, döyülmək nəzərdə tutur. Əgər biz, bir uşağı diqqətsiz, nəzarətsiz, səhhətində sonradan yaranan hər hansısa problemin olduğunu görürüksə bu da ona qarşı zorakılıqdır. Uşağın yanması, yıxılması, əzilməsi özü də zorakılıqdır. Yəni, valideynin uşağa etdiyi diqqətsizlik və ya onların diqqətdənkənar qalması ilə bağlıdır: “Biz zorakılığın daha çox psixoloji növünə rast gəlirik. Bu da uşaqların şüuraltında uzun zaman formalaşaraq, onların psixi-nevroloji problem yaşamasına gətirib çıxarır. Hər birşey ailədən başlanır. Ardı isə bağçada, məktəbdə və cəmiyyətdədir”.

Sosioloq Əhməd Qəşəmoğlunun dediyinə görə, son zamanlar azyaşlılara qarşı zorakılıq halları çoxalıb: “Bunun da əsas səbəblərindən birincisi ailə institutuna diqqətin zəifliyidir. İndiki ailələr artıq 50 il bundan öncəki ailə deyil. Əvvəlki ailələrdə ata da, ana da uşaq qarşısında öz böyük məsuliyyətini daha dərindən duyub, hiss edirdi. İndiki ailələrin bir çoxunda valideynlər ailə qarşısındakı məsuliyyətini o qədər yüksək səviyyədə hiss etmirlər. Valideynlərin maariflənməsi, özü üzərində işləməsi zərurət hesab olunur. Yəni, indiki ailələrdə ailə institutuna qarşı xeyli problemlər var. Digər tərəfdən xeyli yarım ailələr var. Buraya boşanmış, anası-atası rəhmətə getmiş ailələr aiddir. Boşanma halları dəhşətli dərəcədə çoxalıb. Siz təsəvvür edin ki, hələ pandemiyadan öncə hər 100 ailədən 30-a qədəri boşanırdı. Bu say indi daha da artıb. Bu o deməkdir ki, evlərdə gərginlik var. Ailələrdə belə gərginlik olduğu halda, uşaqlara qarşı məhəbbət və diqqət azalır. Həmçinin, xeyli sayda vətəndaş nikahı ilə yaşayanlar var. Onların sayı 17 mindən artıqdır. Bütün bunların hamısı ailə instititunun indiki düşdüyü ağır vəziyyəti göstərir. Dünyanın hər yerində valideynləri maarifləndirirlər. Bu yolla valideyn uşaqla necə təmasda olmaq, onu necə tərbiyə etmək lazım olduğunu anlayır”.

Nərmin Qarazadə

Chosen
12
azedu.az

1Sources