EN

"Ukrayna Rusiyanın cənubundakı neft zavodu və hərbi obyektlərə dron zərbələri endirib" - Ukrayna KİV-ləri

"Qara dəniz sahilində gərginlik artır: Krasnodardan Krıma qədər hücumlar..."

Avqustun 7-də Rusiyanın cənub bölgələri, xüsusilə Krasnodar və Volqoqrad vilayətləri ilə yanaşı, müvəqqəti işğal olunmuş Krım ərazisi də Ukraynanın dron hücumlarının hədəfinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hücumlar zamanı neft emalı zavodları, hərbi hissələr, dəmiryolu infrastrukturu və radar sistemləri ciddi şəkildə zərər görüb.

Aфipsk Neft Emalı Zavodu yenidən hədəfdə

Krasnodar vilayətinin Seversk rayonunda yerləşən Afipsk Neft Emalı Zavodunda dron hücumu nəticəsində güclü yanğın baş verib. Hadisə nəticəsində qaz və qaz kondensatının emalına cavabdeh olan texnoloji qurğu sıradan çıxıb. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən həyata keçirilən hücumun nəticəsində alov 250 kvadratmetr əraziyə yayılıb, lakin qısa müddətdə söndürülüb. Bu zavod daha əvvəl - 2024-cü ilin iyununda və 2025-ci ilin fevralında da oxşar hücumlara məruz qalıb.

Slavyansk-Kuban və Novorossiyskdə partlayışlar

Bundan başqa, Krasnodar vilayətinin Slavyansk-Kuban şəhərindəki hərbi hissəyə də dronla zərbə endirilib. Yerli mənbələrin yaydığı məlumata görə, hərbi obyektin ərazisində yanğın qeydə alınıb. Hücum zamanı küçədə olan bir mülki şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib. Eyni zamanda Novorossiysk sahillərində dəniz dronları ilə edilən hücumun qarşısı alınıb.

Volqoqradda dəmir yolları atəş altında

Volqoqrad vilayətindəki Surovikino dəmiryolu stansiyasına endirilən dron zərbəsi nəticəsində inzibati binada yanğın başlayıb. Digər stansiya olan Maksim Qorki adlanan ərazidə isə dron qalıqları zərərsizləşdirilib, infrastruktur zərər görməyib. Dəmiryolu nəqliyyatı hazırda adi rejimdə fəaliyyətini davam etdirir.

Krımda "dom" tipli hərbi obyektlər vurulub

Krımda isə Ukrayna kəşfiyyatının "Primari" adlı xüsusi təyinatlı dron bölməsi daha ciddi hədəflərə zərbə endirib. Hücum zamanı Rusiyaya məxsus üç əsas radiolokasiya sistemi - "Nebo-SVU", "Podlet K-1" və "96L6E" məhv edilib. Eyni zamanda, "BK-16" tipli desant kateri də sıradan çıxarılıb. BKİ-nin məlumatına görə, Ay-Petri dağ massivində yerləşən və xüsusi "dom" şəklində gizlədilmiş 3-cü radiotexniki alayın hava hücumundan müdafiə bazası da məhv edilib.

Moskva 82 dronun vurulduğunu iddia edir

Rusiya Müdafiə Nazirliyi isə bir gecədə ümumilikdə 82 dronun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Onlardan 31-i Azov dənizi üzərində, 11-i Krımda, 10-u Rostov vilayətində, 9-u Krasnodarda, 8-i Qara dənizdə, 7-si Volqoqradda və digər hissələri isə Belqorod, Kursk və Orlov vilayətlərində məhv edildiyi bildirilib.

HHM sistemləri zəifləsə də, Rusiya Krımı qorumaqda israrlıdır

Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençukun sözlərinə görə, Ukrayna ordusu Krımda Rusiyanın hava hücumundan müdafiə sistemlərini ardıcıl şəkildə sıradan çıxarsa da, rus tərəfi itkiləri çox sürətlə bərpa etməyə çalışır. Krımın hava hücumundan müdafiəsi Rusiya ərazisinə nisbətən daha sıx və güclüdür. Bu isə Rusiyanın Krım körpüsünü qorumaqda nə qədər israrlı olduğunu göstərir.

Ukrayna ordusunun son hücumları göstərir ki, Rusiya arxa cəbhədə də artıq tam təhlükəsiz deyil. Neft emalı zavodları, dəmir yolları və HHM sistemlərinin ard-arda vurulması Kreml üçün həm texniki, həm də psixoloji baxımdan böyük təzyiq formalaşdırır. Müharibənin coğrafiyası genişlənir, dərin zərbələrin intensivliyi isə artır.

Chosen
13
moderator.az

1Sources