EN

Trampın vasitəçiliyi ilə sülh sazişi yox, memorandum imzalansa nə baş verəcək?..


Siyasi kuluarlarda gedən söhbətlərə görə, ABŞ-da keçriləcək ABŞ-Azərbaycan-Ermənistan görüşundə sülh sazişinin imzalanması gözlənilmir, sadəcə olaraq bu barədə memorandum və ya niyyət protokolu imzalanacaq.

Əgər ABŞ-da İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutsa və bu görüşün nəticəsi olaraq sülh sazişi yox, sadəcə memorandum imzalansa, bu, bir neçə siyasi və hüquqi nəticəyə gətirib çıxara bilər:

Memorandum nə deməkdir?

Memorandum – siyasi niyyət bəyanatı və ya əməkdaşlıq çərçivəsidir. Yəni memorandum hüquqi cəhətdən məcburi öhdəlik daşımır, sadəcə tərəflərin hansısa məsələdə razılaşmağa yaxın olduqlarını göstərir.

Memorandum imzalanmasının bir neçə mümkün nəticələri ola bilər.

Əvvəl ehtimal edilən müsbət nəticələrdən başlayaq.

Memorandumun imzalanması diplomatik prosesin davam etdiyini göstərər – tərəflər müharibə və ya gərginlik yox, dialoq yolunu seçir. Bu, sülhə doğru “ilk addım” kimi təqdim edilə bilər.

ABŞ-ın rolu güclənər, bu onun vasitəçi statusunu Rusiya və Avropa qarşısında möhkəmləndirə bilər.

Əgər bu, ABŞ-da prezident seçkisinə qədər baş verərsə, Tramp üçün seçkiöncəsi siyasi dividendlər gətirə bilər.

Mənfi nəticələr və risqlər isə ondan ibarət ola bilər ki, real sülh sazişi yenə də uzadıla bilər, illərlə bu sülh sazişinin bağlanması mümkün olmaya bilər.

Memorandum konkret ərazi məsələləri, delimitasiya və demarkasiya kimi ciddi məsələləri həll etmir.

Bu sənəd Ermənistanda və ya Azərbaycanda daxili siyasi narazılıq yarada bilər, xüsusilə də hansısa güzəştə işarə olarsa.

Memorandumun imzalanması nəticəsində Rusiya və İran bölgədəki vasitəçilik mövqelərini itirə və bu onların etirazına səbəb ola bilər.

Əgər memorandum imzalanar, amma sülh sazişi imzalanmazsa, proses yenə də “qeyri-müəyyən status” alar.

Tərəflərdən biri memorandumun müddəalarını pozarsa, yeni gərginliklər baş verə bilər.

Memorandum siyasi bəyanatdan o yana keçməzsə, xalq arasında etimadsızlıq və ümidsizlik yarana bilər.

Memorandum sülhə aparan yolda yalnız keçici mərhələ ola bilər. Amma bu mərhələ konkret addımlarla (sərhədlərin müəyyən olunması, kommunikasiya açılması, hərbi risqlərin azaldılması və s.) davam etməsə, kağız parçası olaraq qalacaq və sülh sazişindən uzaqlaşma risqi artacaq.

Mübariz Göyüşlü: "Vaşinqtonda qəbul edilməsi gözlənilən sənəd sülh sazişinin imzalanmasına doğru atılan daha bir addım olacaq"

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com saytına açıqlamasında bildirib ki, belə bir görüşə təşəbbüs göstərilməsi olduqca müsbət haldır: "Bu görüşdə, sülh sazişinin özü imzalanmasa da, onunla bağlı bir niyyət sənədinin imzalanması belə, irəliyə doğru atılmış addım olacaq. İki ölkə arasında "silahların danışması"ndansa, munaqişənin qızışmasındansa masa arxasında sülh danışıqlarının aparılması daha yaxşı haldir. Bir şərtlə ki, gec-tez bu danışıqların nəticəsi sülh sazişinin imzalanması, iki ölkə xalqlarının barış içində yaşamağa doğru münasibətlərinin inkişaf etdirilməsi ilə yekunlaşsın. Daha ATƏT-in 30 illik mənasız və nəticəsiz danışıqlarına cevrilməsin. ABŞ müasir mərhələdə ATƏT kimi danışıqların uzanmasını istəmir. Tramp öz karyerasını pozitiv notlarla bəzəmək üçün Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Bu çox önəmli məqamdır. Çünki o vaxt ATƏT-in Minsk qrupunun həmsədrlərinin belə bir niyyəti və marağı yox idi.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev də bütun imkanlardan istifadə edir ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail oluna bilsin. Bu təkcə sülh sazişinin imzalanmasından ibarət deyil. Yəni sülh sazişinin imzalanması Ermənistanın təsəvvür etdiyi kimi, fiziki baxımdan çox asandır. Amma o saziş bu iki xalqı barışdıra bilməyəcəksə, deməli bu sənəd kağız parçasından başqa bir şey deyil. Ona görə də biz sülh sazişini elə şərtlər daxilində imzalamalıyıq ki, xalqlarımız barışsın. Məsələn, Ermənistan konstitusiyasında Azərbaycana torpaq iddiası qalaraq sülh sazişinin imzalanması xalqlarımızı barısa apara bilməz. Erməni düşunəcək ki, Qrabağ bizimdi, Azərbaycan onu işğal edib, azətbaycanlılar düşünəcək ki, Ermənistan hələ də Qarabağı ilhaq etmək fikrindədir. Digər şərtlər də təxminən bunun kimi hər iki cəmiyyətin psixologiyasına mənfi təsirlər göstərə bilər. Ona görə də sülh sazişinə doğru irəliləməyin özü də pozitiv bir mesajdir.

ABŞ-ın 34-cü prezidenti D.Eyzenhauer deyib: "Yavaş gedirəm ki, bir də geri qayıtmaq məcburiyyətində qalmayım". Biz də sülhə doğru yavaş getsək də, əsas odur ki, ortada həll edilməmiş məsələ qalmasın, bir daha münaqişə geri qayıtmasın, tarixin münaqişə səhifəsi birdəfəlik çevrilsin.

Hazırda Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməkdən, hələ ki, boyun qaçırır. Amma Azərbaycan dövlətinin beynəlxalq hüquqa söykənən xarici siyasəti qarşısında Ermənistan duruş gətirə biməyəcək, gec-tez anlayacaq ki, başqa yol yoxdur.

Artiq ikinci Qarabağ savaşından beş il keçir, amma hələ də sülh sazişi imzalanmayib. Bu da, qeyd etdiyimiz kimi, Ermənistanın günahı üzündən uzanır.

Hesab edirəm ki, Vaşinqtonda qəbul edilməsi gözlənilən sənəd sülh sazişinin imzalanmasına doğru atılan daha bir addım olacaq".

Akif NƏSİRLİ

Chosen
138
50
baki-xeber.com

10Sources