"Putin Ukrayna savaşında öz məqsədlərindən əl çəkməyib və onu davam etdirmək niyyətindədir..."
Rusiya ABŞ prezidenti Donald Trampın komandasında fikir ayrılığı toxumu səpməyə çalışır.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Analitiklər qeyd edir ki, bu, Moskvanın Kiyevlə bağlı irəliləyən sülh təşəbbüslərini ləngitmək və Trampın avqustun 8-dək elan etdiyi müddətə qədər prosesə nəzarəti ələ almaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı informasiya əməliyyatının bir hissəsidir. Məlumatı Müharibənin Tədqiqi İnstitutu (ISW) yayıb.
Rusiya Trampın xüsusi emissarı Stiv Uitkoffun Moskvaya səfərindən maksimum istifadə edərək onu guya rasional və müdrik danışıqlar tərəfdarı kimi təqdim edib, Trampın sərt mövqeyini isə emosional və qeyri-praktik göstərməyə çalışıb. Bu isə ABŞ daxilində Trampın komandasını zəiflətməyə və daxili fikir ayrılıqları görüntüsü yaratmağa hesablanıb.
Kremlin informasiya manipulyasiyası
Kremlə bağlı media qurumları və Rusiya rəsmiləri Uitkoffun Putinə səfərini geniş şəkildə işıqlandırıb. Dövlət Dumasının deputatı Qriqori Karasin bildirib ki, Uitkoffun səfərinin nəticələrinin Trampın "emosional çıxışlarından" fərqli olaraq "konkret" olacağına ümid edir. Bu sözlər Rusiya mətbuatında təkrar-təkrar vurğulanaraq, Trampın siyasətinə qarşı yumşaq ironiya kimi istifadə olunub.
Rusiya Dövlət Dumansının beynəlxalq məsələlər üzrə sədr müavini Aleksey Çepa isə iddia edib ki, Tramp Uitkoffu Moskvaya göndərməklə əvvəlki ultimatumların yumşaldılmasına nail olmaq istəyib. Bu isə, Çepanın fikrincə, Tramp administrasiyasının qərarsız və ziddiyyətli imicini gücləndirə bilər.
Kremlə yaxın biznesmen və Rusiya İnsan Haqları Şurasının üzvü Aleksandr Kots isə Trampı hər gün ultimatum verməkdə günahlandıraraq, Uitkoffun görüşdən sonra təqdim edəcəyi təklifin Tramp tərəfindən "kiçik bir qələbə" kimi qəbul ediləcəyini iddia edib.
Trampın təşəbbüsünə qarşı Moskvanın informatik cavabı
ISW bildirir ki, Kreml uzun müddətdir Ukrayna ilə onun müttəfiqləri, eləcə də ABŞ və Avropa arasında birlik və həmrəyliyi pozmaq üçün informasiya müharibəsindən istifadə edir. İndi isə eyni strategiya Tramp administrasiyasına qarşı tətbiq olunur. Məqsəd - ABŞ-ı birtərəfli güzəştlərə vadar etmək və Rusiya ilə yeni iqtisadi razılaşmalara yönəltməkdir. Bunu isə Trampın sülh üçün irəli sürdüyü ilkin şərtlər olmadan həyata keçirmək istəyirlər.
Moskvadakı görüş və qeyri-müəyyən nəticələr
Avqustun 6-da Trampın emissarı Stiv Uitkoff Moskvada Vladimir Putinlə görüşüb. Rusiya prezidentinin müşaviri Yuri Uşakov bu görüşü "konstruktiv və faydalı" adlandırıb və tərəflər arasında Ukrayna ilə bağlı müəyyən "siqnalların" mübadilə olunduğunu bildirib. Ancaq rəsmi nəticələr açıqlanmayıb - nə Kreml, nə də Ağ Ev indiyədək görüşə dair ictimai bəyanat verməyib.
Görüşdə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Kremlin aparıcı emissarı Kirill Dmitriyev də iştirak edib və dialoqu "uğurlu" adlandırıb. Tramp isə görüşü "son dərəcə məhsuldar" adlandıraraq, Uitkoff və Putinin "böyük irəliləyişə" nail olduqlarını deyib. O, Rusiyanın müharibəni dayandırmasının vacibliyini bir daha vurğulayıb. Lakin bu açıqlama da real razılaşmalarla müşayiət olunmayıb.
Putin niyə geri çəkilmir?
ISW vurğulayır ki, Vladimir Putin hələ də Ukrayna ilə bağlı müharibədə əvvəlki məqsədlərindən əl çəkməyib və onu davam etdirmək niyyətindədir. Buna görə də diktatoru mövqeyini dəyişməyə vadar edəcək yeganə yol Ukrayna ordusunun döyüş meydanında Rusiyaya ciddi itkilər verməsidir. Geri çəkilməyə məhz bu cür təzyiqlə nail olmaq mümkündür.