EN

“İmişli” ev oyunlarını Qubada keçirməyə yaxındı, İmişliyə uzaq...

“İmişli”nin ev oyunlarını keçirəcəyi stadionla bağlı müəmma davam edir.

Bölgə təmsilçisi həm Heydər Əliyev adına İmişli şəhər stadionunu premyer-liqanın tələblərinə uyğun hala gətirməkdən boyun qaçırır, həm də başqa arena tapa bilmir. İndiyə qədər klubun “ASCO Arena”, Ağsu şəhər stadionu, Şamaxı Olimpiya İdman Kompleksinin stadionu kimi idman qurğularıyla razılaşdığı haqda iddialar yayılsa da, reallıqda əksini tapmadə. O başqa məsələ ki, “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov hələ apreldə verdiyi açıqlamada “ASCO Arena” və Şamaxı Olimpiya İdman Kompleksinin stadionuyla müqavilələr imzalandığını bildirmişdi. Amma bu sözlərin gerçəkliyi də qaranlıq mahiyyətini qoruyub-saxlayır.

Qısası, bölgə təmsilçisinin stadion problemiylə bağlı anlaşılmaz məsələlər çoxdu. Yenə də komandanın ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəyi, demək olar ki, dəqiqləşib. Çünki stadiona baxış keçirən PFL idman qurğusunun xeyli müsbət tərəfinin olduğunu görüb. Məsələn, stadionun üçtərəfində tribuna var. Ot ortüyü təbiidi və yaxşı vəziyyətdədi. Sulama sistemi də standartlara uyğundu. Amma çatışmazlıqlar da az deyil. Ehtiyat oyunçular skamyasına və texniki zonaya əl gəzdirilməlidi. Paltardəyişmə və hakimlər otaqlarının vəziyyəti normal olsa da, müəyyən işlərin görülməsinə ehtiyac var.

Düzdü, premyer-liqa matçlarının yayınçısı olan “CBC Sport” hələ stadiona baxış keçirməyib. Lakin telekanalın Xəbərlər departamentinin rəhbəri Şəmsəddin Abbasovun "Football-plus.az"a verdiyi məlumata görə, yaxın günlərdə stadionun yoxlanılması məqsədilə Qubaya üz tutacaqlar.

Qısası, indi hər şey “İmişli”nin atacağı addımlardan asılıdı. İş ondadı ki, Aqşin bəy çatışmazlıqların klubun öz vəsaiti hesabına aradan qaldırılmasının mümkün olduğunu bildirib. Maraqlıdı, bəs belə münasibət İmişlidəki stadiona niyə göstərilmədi? Həqiqətənmi azarkeşlərin varlığı, dəstəyi, necə deyərlər, “doğma divarlar”ın arası maddi məsələlərlə müqayisədə uduzur?!

KƏNAN BAHADIR

Chosen
24
football-plus.az

1Sources