Finss.az xəbər verir ki, neft qiymətləri bir gün əvvəl beş həftənin minimumuna endikdən sonra çərşənbə səhəri yüksəlir.
İnvestorlar bazarda təklifin sabitliyi üçün yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinin mənfi nəticələrindən ehtiyat edərək, ABŞ prezidenti Donald Trampın Rusiya neftinin alıcılarına qarşı sanksiyalarla bağlı qərarını gözləyirlər.
Moskva vaxtı ilə saat 8:13-ə Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 68,06 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,42 dollar (0,62%) bahadır. Çərşənbə axşamı bu müqavilələrin qiyməti 1,12 dollar (1,63%) ucuzlaşaraq 67,64 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasında (NYMEX) sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,39 dollar (0,6%) bahalaşaraq 65,55 dollar/barelə bərabərdir. Əvvəlki sessiyanın nəticələrinə görə, bu müqavilələrin dəyəri 1,13 dollar (1,7%) azalaraq 65,16 dollar/barel təşkil edib.