EN

Xəzərdə Qum artıq ada deyil - ekoloji fəlakətin yeni dəhşətli təzahürü...


Flora Hacıyeva: “Son illərdə Xəzərin səviyyəsi azaldığı üçün bəzi adalar sahilə yaxınlaşıb və ya tam olaraq yarımadaya çevrilib”

“Qum adası sahilə birləşərək yarımada olub”. Bu barədə tanınmış fotoqraf Aleksey Lyokin fotofakt paylaşıb. “Xəzərin dayazlaşması Qum adasının nümunəsində: 2025-ci ildə ada yarımadaya çevrilərək sahillə birləşdi", - deyə fotoqraf bildirib.

Qeyd edək ki, son illərdə Xəzər dənizinin səviyyəsinin azalması Qum adasının sahil torpaqları ilə daha geniş sahədə bağlantısını təmin edib. Əvvəllər bu, süni bəndlə texniki olaraq birləşdirilmişdisə, indi sözügedən dəyişiklik təbii proseslərin nəticəsində müşahidə edilir.

Maraqlıdır, Qum adasının sahillə təbii yolla birləşməsi ekosistemlərə, xüsusilə Bakı buxtasındakı flora və faunaya hansısa təhlükələr yarada bilərmi?

“Xəzər dənizinin səviyyəsi aşağı düşdükdə, sahilboyu ərazidə torpaqlarımız şoranlaşacaq, Bu hal müəyyən qədər problem yarada bilər”

Ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dəniz səviyyəsi azalırsa, suyun altında olan qum sahilə doğru uzanaraq görünməyə başlayır: “Ümumiyyətlə, son illərdə Xəzərin səviyyəsi azaldığı üçün bəzi adalar sahilə yaxınlaşıb və ya tam olaraq yarımadaya çevrilib. Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi təkcə coğrafi deyil, həm də ekoloji baxımdan ciddi narahatlıq doğurur. Məlumat üçün deyim ki, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi prosesi 1995-ci ildən etibarən davam etməkdədir. Bu çəkilmə müxtəlif illərdə fərqli intensivliklə baş versə də, nəticədə yaranan ekoloji təsirlər sabit qalır. Suyun çəkilməsi nəticəsində Xəzər sahillərində yerləşən qiymətli fauna növlərinin, xüsusilə balıqların və Xəzər suitilərinin yaşam mühitləri ciddi şəkildə daralır. Bu dəyişikliklər isə birbaşa Xəzərin ekosisteminə təsir edir. Floranın azalması, torpağın quruması, sahil xəttinin dəyişməsi nəticə etibarilə Xəzərin bütün bioloji müxtəlifliyinə mənfi təsir göstərir. Zəifləyən ekosistem isə həm balıqların, həm də digər canlıların mövcudluğunu sual altına qoyur. Xəzər dənizinin səviyyəsi aşağı düşdükdə, sahilboyu ərazidə torpaqlarımız şoranlaşacaq. Bu hal müəyyən qədər problem yarada bilər”.

Günel CƏLİLOVA

Chosen
20
baki-xeber.com

1Sources