EN

"ABŞ və Avropa hələ də Rusiya ilə ticarət edir: Enerji, gübrə və ikili standartlar" - "Reuters"

"Sanksiyalara baxmayaraq, milyardlarla avroluq ticarət davam edir..."

2022-ci ilin fevralında Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra Qərbin, xüsusilə Avropa İttifaqı və ABŞ-ın Rusiya ilə ticarəti kəskin şəkildə azalsa da, bu əlaqələr tam kəsilməyib. 

Moderator.az xəbər verir ki, bu barədə "reuters.com" nəşri yazıb.

Agentliyinin araşdırmasına görə, hələ də Rusiya ilə milyardlarla avroluq enerji və xammal ticarəti həyata keçirilir.

Avropanın Rusiyadan idxalı: Azalma var, amma tam dayanmayıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etsə də, bəzi məhsulların idxalı davam edir. "Avrostat"ın məlumatlarına əsasən, 2022-ci ilin birinci rübü ilə 2025-ci ilin eyni dövrü arasında Aİ-nin Rusiya ilə ticarət həcmi 86 faiz azalıb. 2025-ci ilin birinci rübündə Avropa Rusiyadan 8,74 milyard avro (10,11 milyard dollar) dəyərində məhsul idxal edib. Halbuki 2021-ci ildə bu rəqəm 30 milyard avrodan çox olub. Ümumilikdə, müharibə başlayandan bəri Aİ Rusiyadan 297 milyard avro dəyərində mal idxal edib.

Əsas məhsullar arasında hələ də neft, qaz, nikel, gübrə, dəmir və polad yer alır. Məsələn, Rusiya 2021-ci ildə Avropanın neft məhsullarına olan tələbatının 28,74 faizini ödəyib. Bu göstərici 2025-ci ildə cəmi 2 faizə düşüb. Təbii qaz idxalında isə Rusiyanın payı 48 faizdən 17 faizə enib. Qara metallarda da eyni tendensiya müşahidə olunur: Rusiya idxalı 18 faizdən 7,7 faizə qədər azalıb. Lakin bəzi sahələrdə Rusiya hələ də liderdir. Məsələn, gübrə idxalında Rusiya Aİ-nin ən iri tədarükçüsü olaraq qalır - son dörd ildə payı 28 faizdən 25,6 faizə düşsə də, hələ də birinci yerdədir.

Hindistan Rusiya ilə ticarəti artıran yeganə tərəfdaşdır

Avropa və ABŞ Rusiya ilə ticarəti azaldarkən, Hindistan tam əksinə, bu əlaqələri gücləndirib. Əgər 2021-ci ildə Hindistan Rusiyadan cəmi 8,25 milyard dollarlıq mal idxal edirdisə, bu rəqəm 2024-cü ildə 65,7 milyard dollara yüksəlib. Ən böyük artım neft idxalında qeydə alınıb: 2021-ci ildə 2,31 milyard dollar olan idxal 2024-cü ildə 52,2 milyard dollara yüksəlib. Digər sahələrdə də artım var: kömür və kömür məhsulları: 1,12 milyard dollardan 3,5 milyarda, gübrə idxalı isə 483 milyon dollardan 1,67 milyarda artıb. Hindistan açıq şəkildə bildirir ki, Rusiyadan enerji almağı dayandırmaq niyyətində deyil, çünki Qərbin özü də bunu etmir.

ABŞ da idxalı tam dayandırmayıb

2025-ci ilin ilk yarısında ABŞ Rusiyadan 2,5 milyard dollar dəyərində məhsul idxal edib. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2021-ci ildə 14,14 milyard dollar olub. Əsas idxal kateqoriyaları: gübrə: 2021 - 1,14 milyard dollar, 2024 - 1,27 milyard dollar; zənginləşdirilmiş uran və plutonium: 2021- 646 milyon dollar, 2024 - 624 milyon dollar; palladium: 2021 - 1,59 milyard dollar, 2024 - 878 milyon dollar. Yəni, rəqəmlər azalsa da, xüsusilə strateji əhəmiyyətli sahələrdə idxal davan edir.

Trampın Hindistana təzyiqləri

ABŞ prezidenti Donald Tramp Hindistana Rusiya neftindən imtina etməsi üçün təzyiq göstərir. O, əgər Hindistan bu ticarəti dayandırmasa, Hindistan məhsullarına əlavə gömrük rüsumları tətbiq edəcəyini bildirib. Artıq 25 faiz gömrük vergisi bəzi Hindistan məhsullarına tətbiq olunub. Hindistanın cavabı isə sərt olub: "Siz özünüz Rusiya ilə ticarəti davam etdirirsiniz, biz niyə dayandıraq?"

Statistikalar göstərir ki, Ukraynada müharibə davam etsə də, siyasi bəyanatlar və real iqtisadi münasibətlər arasında ciddi ziddiyyətlər var. Qərb ölkələri Rusiya ilə ticarəti azaldıb, lakin tam kəsməyib. Hindistan isə bu boşluğu fürsətə çevirib və iqtisadi maraqlarını açıq şəkildə müdafiə edir. Trampın təzyiqləri fonunda, gələcəkdə bu münasibətlər daha da gərginləşə bilər. Amma reallıq dəyişmir: Rusiya hələ də qlobal ticarət sistemində mühüm oyunçudur.

Chosen
124
50
moderator.az

10Sources