Əvvəllər bir klip yayımlananda hər kəs bir nəfər kimi düzülürdü ekran başına və gözlər sadəcə həmin yerə zillənirdi. Hələ çəkiliş vaxtı olanları demirəm. Müğənni saç düzümünə iki saat vaxt ayırırdı, operator üç kameralıq plan qururdu, rejissor qışqıra-qışqıra ssenarini izah edirdi.
İndi? İndi bircə nəfər, çaynikdən çayını süzüb kompüter qarşısına keçərək yazır: "Bana 90-lar estetikasıyla retro klip yap." Vəssalam! Süni intellekt 2 dəqiqəyə o klipi qayırıb verir. Arxa fon, duman, rəqs edən robotlar, göz süzdürən baxışlar...
Əvvəllər rejissorun şıltaqlığı, aktyorun kaprizi, rəqqasın “bu musiqiyə oynaya bilmərəm” etirazı vardı. İndi bunların heç biri yoxdur. Süni intellektin “yoruldum” demək kimi bir dərdi də yoxdur axı. Heç kim “çəkiliş üçün yemək vermədiniz” deyib meydanı tərk etmir. Bu da bizə yeni bir dövr bəxş edib: “bütöv klip – sıfır insan, sıfır emossional zədə, sıfır sənət”. Dominos pizza
Əvvəllər klip çəkmək üçün rejissor lazım idi, operator lazım idi, aktyor lazım idi... Hətta bəzən hava da lazım idi – günəş çıxsın ki, yüngül dram effektini ala biləsən. İndi isə nə aktyor əziyyət çəkir, nə kamera titrəyir, nə də hava pisləşir. Bir-iki prompt, bir az filter, üstündən də “cinematic” yazısı və ta, ta, ta, dam.... Klip hazırdır.
Müğənni mahnı oxumayıb, süni intellekt səsini oxşadıb. Aktyor rol almayıb, süni intellekt onun yerinə göz qırpıb. Montajçı gecəni səhərə qədər kompüterin başında yatmayıb, AI 30 saniyəyə hər şeyi həll edib. Hətta bəstəkar belə yoxdur, musiqini də robot yazıb. Deyəsən, yeganə insan funksiyası qalıb: "paylaş" düyməsini basmaq!
O zaman niyə musiqi akademiyaları var? Niyə kino məktəbləri fəaliyyət göstərir? Gəlin onları da muzeyə çevirək ki, burada vaxtilə insanlar sənət öyrənirdi.
Ən qəribəsi isə budur ki, süni intellekt ürək ağrısından, tənhalıqdan, eşq acısından oxuyur. Halbuki bu yazıq heç ürəyin harada yerləşdiyini bilmir. “Göz yaşlarım sel oldu” deyir, bəs heç vaxt yaş axıtmamış bir sistem bunu necə bilə bilər? Emossiyasız sistem emossianal xalqa nəğmə deyir. Bir az da səbr edin, qələm qələmə məktub yazacaq, stul kresloya aşiq olacaq.
Əlbəttə, texnologiyanın inkişafı gözəldir. Amma bu inkişaf bizim daxilimizdəki bizi təmbəlləşdirirsə, insandan geriyə nə qalacaq? Belə çıxır ki, daha süni intellekt mükafat alacaq, sənətkar isə “layk” dilənəcək. Bəlkə də gələcəkdə tamaşaçıları da AI yaradacaq.
Elə bəlkə bir neçə ilə süni intellekt öz mükafatını belə təqdim edəcək:
“İlin ən yaxşı klipi”... yenə özümə!
P.S. Ağlıma indi gəldi, bir saat düşünüb cümlə qurmaqdansa, gərək deyəydim, bu yazını da süni intellekt hazırlayaydı.
Aytac Əliyeva
Telegram kanalımız