EN

Aktyor ömrü

Nizami Gəncəvinin nəslinin davamçısı olması ilə fəxr edirdi. Onu qürurlandıran bir də o idi ki, bu nəslin nümayəndələri sonrakı dövrlərdə də xalqın, vətənin layiqli övladları kimi tanınıblar.

Şeyxzamanovlar nəslindən ona qədər şair, tarixçi, siyasətçi... kimi məşhurlaşanlar olmuşdu. Məmmədrza Şeyxzamanov isə bu soyada aktyorluq sənəti ilə şöhrət qazandırdı...

Onun babası Şeyx İbrahim Qüdsi haqqında ədəbiyyatşünas Firudin bəy Köçərli yazırdı: "Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. ...Şeyx İbrahimin ərəbcə və farsca yaxşı biliyi var imiş və müqtədir türk şairlərindən birisi hesab olunur. Qüdsi müdərrislik ilə və bir tərəfdən Gəncə şəhərinin yaxınlığında vaqe olan İmamzadeyi-İbrahim türbəsinin mütəvəlliliyi ilə güzəran edərmiş". Ümumiyyətlə, İmamzadə türbəsi Gəncənin əsilli, nəcabətli nəsillərindən olan Şıxzamanlılara məxsus idi. Şeyx İbrahim Qüdsinin oğlu Hacı İsa bəy Şeyxzamanov da İmamzadə türbəsinin keşikçisi  olmaq kimi nəsildən-nəslə keçərək ona miras qalmış müqəddəs vəzifəni yerinə yetirirdi.

Hacı İsa bəy bir neçə dəfə ailə qurmuş, övladları dünyaya gəlmişdi. O, sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənmişdi. Üç uşaqları dünyaya gəlmişdi. Gələcəyin aktyoru Məmmədrza Şeyxzamanov onların ortancıl övladıydı. 1915-ci il avqustun 4-də dünyaya gəlmişdi. Məmmədrzanın iki yaşı olanda atası vəfat etdi. Evin, uşaqların qayğısını Böyükxanım təkbaşına çəkməli oldu.

Əgər dövran dəyişməsəydi, məmləkəti bolşeviklər tərəfindən işğal edilməsəydi, ailə başçılarını itirsələr də, gün-güzəran dərdləri, maddi sıxıntıları böyük olmayacaqdı. Hacı İsa bəydən qalmış var-dövlət onlara yetərdi. Amma 1920-ci ilin aprelində dövranın üzü döndü. Aprelin 28-də Cümhuriyyət hökumətini süquta uğradaraq hakimiyyəti ələ keçirən bolşeviklər Azərbaycanda hökmranlıq etməyə başladılar. Sovet hökuməti quruldu. Yeni hökumət varlılara düşmən gözü ilə baxdı, mal-dövlətlərini müsadirə etdi. 

Onlar da "yaddan çıxmadılar". Başqa varlılar kimi, mal-dövlətləri əllərindən alındı. Yaşadıqları mülkü tamam itirməkdən qorxan Böyükxanım könüllü olaraq orada fabrik açılmasına icazə verməklə qurtulmaq istədi. Əvəzində öz evində bir böyük otaq ala bildi. Var-dövlətləri müsadirə olunduqdan sonra kasıblığın, yoxsulluğun nə olduğunu bildilər. Böyükxanım Gəncə toxuculuq fabrikində işləməli oldu.

Sovet hökuməti Şeyxzamanovların yalnız mal-dövlətlərini talamadı. Məmmədrzanın əmisi oğlu İsrafil bəy Şeyxzamanlı bolşeviklər tərəfindən həbs edildi, işgəncələrə məruz qaldı. Məmmədbağır Şeyxzamanlını isə zindandan ölümə göndərdilər. Bolşeviklər 1920-ci ilin mayında onu güllələdilər. Onların qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı bəy Şeyxzamanlı bolşeviklərin işğalından sonra vətən xaini elan edildi, həbs olunması haqda qərar çıxarıldı. O, Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Və Türkiyəyə getdi. Bir müddət orada, sonralar Almaniyada və ABŞ-də yaşadı. Nağı bəy Məmmədrza Şeyxzamanovun bacısı Həmidəxanımın həyat yoldaşı idi.

Məmmədrzanın qardaşı Ələsgər Şeyxzamanov isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilən gənclərdən biri idi. O da vətəninə dönə bilmədi. Türkiyədən İtaliyaya getdi, orada yaşadı.

Məmmədrza Şeyxzamanov kiçik yaşlarından anasının çəkdiyi mənəvi sarsıntıları duyurdu, ailəsini dolandırmaq üçün əziyyətə qatlaşmalı oldu. On iki yaşından işləyib evə qazanc gətirməyə başladı ki, anasının yükünü yüngülləşdirsin. Gəncə İnşaat Texnikumuna daxil olduqdan sonra təqaüd almağa başladı.

Tələbəlik illərində aktyorluq sənətinə maraq göstərdi. Onun təhsil aldığı texnikumda dram dərnəyi fəaliyyət göstərirdi. Məmmədrza həmin dərnəyə yazıldı. Çox keçmədi ki, Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov onu teatrın nəzdindəki studiyaya dəvət etdi. Səhnəyə "Hind qızı" tamaşasında Brahma rolu ilə çıxdı. Bu, kiçik rol onun böyük səhnədə ilk uğuru oldu. Getdikcə aktyor kimi tanınmağa, sevilməyə başladı.  Məmmədrza Şeyxzamanov Gəncə Dövlət Dram Teatrında çalışdığı illərdə "Vaqif"də Eldar, "Fərhad və Şirin"də Fərhad, "Yaşar"da İmamyar, "İki qardaş"da Yuri və başqa rollar ifa etdi.

Texnikumda təhsilini bitirib mühəndis diplomu alanda artıq aktyorluq sənət arzusunun önündə dayanmışdı. Odur ki, mühəndis ixtisasına uyğun iş axtarmadı. Gəncə Dövlət Dram Teatrında çalışdı, böyük həvəslə rollar oynadı.

Artıq iyirmi dörd yaşına çatmışdı. Gənc, yaraşıqlı aktyor kimi pərəstişkarları var idi. On yeddi-on səkkiz yaşlı Nigar da Məmmədrza Şeyxzamanovun oynadığı bütün tamaşalara baxmağa gəlirdi. Bu, gözəl qız gənc aktyorun diqqətini cəlb etdi. Bir-birlərini sevdilər. Məmmədrza Şeyxzamanov elçilərini qızgilə göndərdi. Nigarın imkanlı ailəsi onu kasıb aktyora vermək istəmədi. Məmmədrza sevdiyi qızı qaçırdı. Bir il sonra - 1939-cu ildə qızları dünyaya gəldi. İlklərinə Leyla adını verdilər.

Amma xoşbəxt günlərinə birdən-birə sanki qara buludlar çökdü. Məmmədrza Şeyxzamanovun özü və ailə üzvləri, qardaşı Ələsgərin həyat yoldaşı ilə qızı repressiyaya məruz qaldılar.

Məmmədrza həyat yoldaşı və kiçik qızı ilə Qazaxıstanın ucqar vilayətlərindən birinə sürgünə göndərildi. Sürgündə qaldıqları yeddi ildə çox çətinliklər çəkdilər. Bir gün Məmmədrza Şeyxzamanov həyat yoldaşı və qızı ilə geri döndü. Gəncədə xeyli müddət qohum-əqraba evində gizlənməli oldular. Gizli yaşadıqları üçün aktyor işə də düzələ bilmədi. İllər öncə tanıdığı Xalq şairi Səməd Vurğuna müraciət etdi. Şair köməyini əsirgəmədi. Məmmədrza Şeyxzamanov Gəncə Dram Teatrında fəaliyyətini davam etdirə bildi. Yeni rollarla səhnəyə çıxdı.

1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başladı. Ailəsi ilə Bakıya köçdü. Bu teatrda otuz ilə yaxın çalışdı. "Fərhad və Şirin"də Xosrov, "Yaşar"da İmamyar, "Antoni və Kleopatra"da Edqar, "Ölülər"də Hacı Həsən, "İblis"də İxtiyar, "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqli və maraqlı rollarla səhnəyə çıxdı.

Aktyor ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işlədi. Eyni zamanda filmlərdə çəkildi. "Bəxtiyar" filmindəki professor Teymur Rəcəbov, "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Nəsimi"də Şeyx Əzəm, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Böyük dayaq"da Şərəf, "Kölgələr sürünür"də Qafar Niyazov, "Əhməd haradadır"da Şirin kişi, "Liftçi qız"da rəssam, "Tütək səsi"ndə İsfəndiyar kişi rolları Məmmədrza Şeyxzamanovun kinoaktyor kimi də əvəzsiz olduğunu təsdiqlədi.

Teatrda və kinoda oynadığı rollarla çox sevilən aktyor gec də olsa, layiq olduğu adı aldı. 1974-cü ildə ona "Xalq artisti" fəxri adı verildi. 

O, 1984-cü il yanvarın 25-də altmış doqquz yaşında dünyadan köçdü. Məmmədrza Şeyxzamanov teatr tamaşalarında və filmlərdə ifa etdiyi, lent yazılarının yaddaşında qalan rolları ilə sevilən aktyorların sırasında hər zaman xatırlanır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

1Sources