Matç heç-heçə də bitə bilərdi. “Qarabağ” “Şkendiya”nı Şimali Makedoniyada məğlub etsə də (1:0), cavab matçı finala bərabər olacaq. Mənə görə, qalib gəlməsinə baxmayaraq, bizimkilərin mərhələ adlama şansı hələ də 50/50-yədir.
“Şkendiya” təhlükəli və hər cür yüksək hörmətə layiq rəqibdir. Təsdiq etdilər ki, Rumıniya FCSB-sini təsadüfən Çempionlar Liqasından kənarlaşdırmayıblar. “Qarabağ”la oyundakı təhlükəli hücumlarını yada salın. Sağ olsun Koxalskini, bizim müdafiə xəttinin inamlı oyununu ki, qol buraxmadıq.
“Qarabağ”a gəlincə, belə hücum xətti ilə çox uzağa gedə bilmərik. Bu qədər qol imkanını əldən vermək olmaz axı.
Komandaya mütləq güclü legioner forvard gətirilməlidir. Vaxt isə azdır.
Daha bir narahatedici məqam: Benzianın mövqeyində də boşluq çoxdur. Hələlik məcburiyyətdən o mövqedə oynadılan Addai onu əvəzləyə bilmir, Kadi hələ ki, əvvəlki Kadi deyil. Bugün vaxtında əvəzlənməsə idi, sırf məsuliyyətsizliyindən qırmızı vərəqə alacaqdı.
İstənilən halda qələbə əla oldu.