Cavanşir Əliyev: “Bəzən vakansiyaya az saat çıxarılır və gənclər həmin məktəblərə getmək istəmirlər”
Müəllimlərin işə qəbulu (MİQ) üzrə texnologiya fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir. Bu şikayətlə bir qrup müəllim sosial şəbəkədə çıxış edib.
Onlar bildirir ki, builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək müvafiq nəticəni göstərən müəllimlər arasında narazılığa səbəb olub.
Iddia edilir ki, mövcud vakansiyalar gizlədilir və seçim prosesi zamanı göstərilmir.
“Müəllimlik ixtisasında iş tapmamağın səbəbləri vakansiyaların az olmasıdır, biz demirik ki, vakansiyalar gizlədilir, sadəcə…”
Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müəllimlərin işə qəbulu imtahanı 2009-cu ildən etibarən həyata keçirilməyə başlayıb və ilk dəfə həmin ildə 260-a yaxın gənc müəllim Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərində işə qəbul edildi, bununla da Azərbaycanda işə qəbul imtahanının yeni bir mərhələsi başlanıldı: “Müəllimlərin işə qəbulunda vakant yerlərin gizlədilməsi fikri, iddiası hər il səslənir. Ümumiyyətlə, vakant yerlərin gizlədilməsi ciddi problemdir. Bəzən vakansiyaya az saat çıxarılır və gənclər həmin məktəblərə getmək istəmirlər. Fikirləşirlər ki, məsələn, Qubanın ucqar bir kəndinə altı saat dərsə niyə gedim?! Araşdırsanız, görərsiniz ki, dərs saatı altı deyil, daha çoxdur. Bunu direktor özü azaldıb. Hesab edirəm ki, günahı olan insanlar ciddi cəzalandırılmalıdır. Vakansiya yerlərinin gizlədilməsinin qarşısının alınması istiqamətində ölkədəki bütün məktəblərdə monitorinqlər keçirilməlidir. Monitorinq aparılsa, vakant yerlərin gizlədilməsi faktının qarşısını almaq mümkün ola bilər”.
Ekspert hesab edir ki, indiki halda müəllimlərin işə qəbulunda vakansiya yerlərinin gizlədilməsi çətin məsələdir: “Çünki bunu məktəb direktorları edə bilməz. Belə bir hal varsa, bu faktla üzləşənlər aidiyyəti qurumlara məlumat verməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, müəllim MİQ imtahanında iştirak edib işlə təmin olunmursa, o demək deyil ki, o müəllimin savadı zəifdir. Sadəcə, müəyyən istəklər, hədəflər var: “Şəxs istədiyi məktəbə düşə bilmirsə, artıq digər ərazi faktoru onun üçün əhəmiyyət daşımır. Ümumilikdə müəllimlik ixtisasında iş tapmamağın səbəbləri vakansiyaların az olmasıdır. Biz demirik ki, vakansiyalar gizlədilir. Sadəcə, bizdə hələ məktəblərin rasionallaşdırılması, birləşdirilməsi, ləğv edilməsi kimi proseslər gedir. Bu da istər-istəməz müəllimlərin sayının azalmasına gətirib çıxaracaq".
Günel CƏLİLOVA