EN

“İranın qırmızı xətləri Zəngəzur reallığını dəyişmir” – Şəhla Cəlilzadə

“Vətən müharibəsindəki qələbəmizdən sonra gündəmə gələn Zəngəzur dəhlizinin açılışına İran daim “qırmızı xətt” ritorikası ilə yanaşıb. Bunun bir neçə səbəbi var. Birincisi, İran bu dəhlizə iqtisadi maraqları baxımından qarşı çıxır. Halbuki Azərbaycan təkcə Ermənistan ərazisindən (Qərbi Zəngəzurdan) keçəcək dəhlizə deyil, eyni zamanda Şərqi Zəngəzurdan keçəcək dəhlizə də Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi böyük önəm verir. Bu kontekstdə İranın geosiyasi-iqtisadi təcridindən söhbət belə gedə bilməz. İkincisi, İran bu dəhlizi NATO-nun dizayn etdiyi “Türk yolu” kimi qələmə verərək, onu özünün “Müqavimət Oxu”na təhdid sayır. Lakin bu arqument də əsassızdır. Azərbaycan sadəcə Naxçıvana maneəsiz nəqliyyat dəhlizinin yaradılmasını tələb edir ki, bu da Sovet dövründə mövcud olub və həmin zaman İranın təcridi ilə nəticələnməyib. Üstəlik, Azərbaycan dəhlizə üçüncü güclərin nəzarətinə qarşı çıxmaqla əslində İranın narahatlıqlarını neytrallaşdırır. Lakin Tehran bu məsələdə Ermənistana təzyiq göstərmək əvəzinə, yenə də ittihamların hədəfini Azərbaycana yönəldir. Halbuki, dəhlizin təhlükəsizlik zəmanətçisinin üçüncü tərəf ola biləcəyi barədə fikirlər Ermənistan rəsmilərindən səslənib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, İran rəsmiləri Zəngəzur dəhlizinin yaradılmasına qarşı mövqelərini bir daha ifadə ediblər. Tehran hesab edir ki, bu layihə ölkənin regional maraqlarına ziddir və sərhədlərin dəyişdirilməsi cəhdlərinə yol verilməyəcək.

Siyasi şərhçi qeyd edib ki, İranda hakimiyyət daxilində Zəngəzur dəhlizi məsələsinə münasibətdə iki müxtəlif mövqe mövcuddur.

“Sepah və Ali Dini Liderə bağlı konservativ dairələr Zəngəzur dəhlizinə ABŞ və İsrail təhlükəsi prizmasından yanaşaraq ona qarşı çıxırlar. “Tramp körpüsü” mövzusunun gündəmə gəlməsindən sonra isə İran ritorikasını daha da sərtləşdirib. Məsələn, Ali Liderin müşaviri Əli Əkbər Vilayəti İranın sərhəddə hərbi qüvvələr topladığını, keçirilən təlimlərin çəkindirici güc nümayişi olduğunu və dəhliz məsələsinin İranın maraqları nəzərə alınmadan reallaşacağı təqdirdə sərt addımlar atılacağını bəyan edib. Lakin haqlı sual yaranır: İran kimə qarşı hücum edəcək? Özünün “qardaş” adlandırdığı Ermənistana? Axı Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməlidir və Azərbaycanın bu əraziyə qarşı hərbi planı yoxdur. Yoxsa İranda konservativ qüvvələrin “düşmən” obrazı yaratmağa çalışdığı Azərbaycana? Bu yanaşma qeyri-adekvat, qeyri-konstruktiv və həm Azərbaycan, həm də İran üçün faydasız, hətta ziyanlıdır. Buna qarşılıq, Prezident Məsud Pezeşkian məsələyə daha praqmatik və optimist mövqedən yanaşır. O, son açıqlamasında qonşularla sərhəd maneələrinin aradan qaldırılmasının və iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Zəngəzur dəhlizinin açılmasını “kiçik məsələ” kimi qiymətləndirib – yəni, narahatlığa əsas verməyən bir mövzu”.

Siyasi şərhçi əlavə edib ki, əslində, Zəngəzur dəhlizinin taleyini müəyyən edən tərəf İran deyil:

“Bu, ilk növbədə Azərbaycan və Ermənistan arasında, daha sonra isə ABŞ və Rusiya arasında razılaşdırılmalı olan bir məsələdir. Elə buna görə də, İlham Əliyev və Nikol Paşinyan arasında Vaşinqtonda baş tutacağı gözlənilən görüş ərəfəsində, ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz nümayəndəsi Uitkoffu məhz bu məqsədlə Moskvaya danışıqlar üçün göndərib. Bu proses fonunda İran da regionun yenidən formalaşmaqda olan geosiyasi mənzərəsində iştirakçı və maraqlı tərəf kimi görünməyə çalışır. Lakin yaranacaq yeni şəraitdən İranın nə qədər dividend qazana biləcəyi, Pezeşkianın konstruktiv yanaşmasının ölkədəki mühafizəkar, lakin hələ də dominant siyasi dairələr tərəfindən necə qəbul ediləcəyindən asılı olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
25
aznews.az

1Sources