EN

BP-nin II rüb mənfəəti artıb: Enerji keçidində qaz seqmenti ön plana çıxır - ŞƏRH

Böyük Britaniyanın enerji nəhəngi olan BP Plc 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatda şirkətin bu dövrdə 1,629 milyard ABŞ dolları xalis mənfəət əldə etdiyi qeyd olunur. Ötən ilin müvafiq dövründə isə bu rəqəm mənfi olub və 129 milyon ABŞ dolları zərər qeydə alınıb. Şirkətin ehtiyatların əvəzlənməsi metodu ilə hesablanmış düzəliş edilmiş mənfəəti (RC profit) də artaraq 2,4 milyard ABŞ dollarına çatıb. Bu, əvvəlki rüblə müqayisədə təxminən 1 milyard dollarlıq artım deməkdir.

Əldə olunan nəticələr neft və qaz bazarlarında qiymət dəyişkənliyi, istehsal həcmlərindəki eniş və daxili maliyyə strategiyalarındakı korrektələrin vəhdəti fonunda formalaşıb. Belə ki, karbohidrogen hasilatı rüblük müqayisədə azalsa da, qaz və aşağı karbonlu enerji seqmentində həyata keçirmə qiymətinin artması ümumi mənfəət göstəricilərini pozitiv şəkildə təsirləndirib. Konkret desək, neft hasilatı seqmentində orta həyata keçirmə qiyməti bir il ərzində 55,78 dollardan 49,03 dollara düşüb. Bu, hasilat və satış arasında rentabellik fərqinin azaldığını göstərir. Əvəzində qaz və aşağı karbonlu enerji daşıyıcıları seqmentində bu göstərici 36,85 dollardan 40,84 dollara yüksəlib. Sözügedən artım, BP-nin enerji keçidi strategiyası çərçivəsində qaz seqmentindəki mövqeyini gücləndirməyə davam etdiyini göstərir.

Şirkətin hasilat həcmi gündəlik 2,3 milyon barel neft ekvivalentinə düşüb və bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə bir qədər azalma deməkdir. BP-nin bu enişi növbəti rübdə də müşahidə edəcəyi, hətta 2025-ci il üzrə ümumi hasilatın əvvəlki illə müqayisədə daha aşağı olacağı proqnozlaşdırılır. Bu tendensiya bir tərəfdən, bəzi yataqlarda hasilatın təbii azalması, digər tərəfdən isə daha dayanıqlı enerji mənbələrinə keçidin sürətlənməsi ilə izah olunur.

Kapital qoyuluşları baxımından isə BP öz investisiya planlarında sabitliyi qoruyur. II rübdə kapital qoyuluşları 3,4 milyard dollar olub və bu, illik 14,5 milyard dollarlıq plan çərçivəsindədir. 2026 və 2027-ci illər üçün isə şirkət bu rəqəmi təxminən 13-15 milyard dollar səviyyəsində saxlamağı planlaşdırır. Bu yanaşma, BP-nin həm hasilatı stabil saxlamaq, həm də enerji keçidi layihələrinə davamlı yatırım etmək niyyətinin göstəricisidir.

Qeyd edilməlidir ki, şirkətin səhmlərinin geri alınması istiqamətində atdığı addımlar da diqqətəlayiqdir. BP, növbəti rüb hesabatına qədər 750 milyon dollar dəyərində səhmlərini geri almağı planlaşdırır. Bu addım, bir tərəfdən səhmdarların maraqlarına xidmət edir, digər tərəfdən isə şirkətin maliyyə dayanıqlığını bazara nümayiş etdirir. Dividendlərin hər səhm üçün 8,32 sentə yüksəlməsi də investorlar üçün müsbət siqnal hesab olunur.

Chosen
21
50
aznews.az

10Sources