Yay aylarında temperaturun kəskin artması ilə birlikdə bədənimizin termorequlyasiya sistemi də ciddi sınağa çəkilir. Çoxları üçün günəşli hava istirahət anlamı daşısa da, bəzi hallarda bu isti dalğaları insan orqanizmi üçün ölümcül nəticələr doğura bilər. Həddindən artıq istilik nəticəsində baş verən günvurma (heat stroke), ilk baxışda sadə görünən amma əslində çoxsistemli orqan çatışmazlığına səbəb ola biləcək ciddi bir tibbi fövqəladə haldır.
Qeyd edək ki, TƏBİB ötən ay Bakıda 53 nəfərin günvurma diaqnozu ilə müraciət etdiyini açıqlayıb.
Mövzu ilə bağlı terapevt Günay Musayeva Modern.az-a bildirib ki, günvurma zamanı bədənin istilik tənzimi pozulur və daxili bədən temperaturu 40°C və daha yüksək səviyyəyə çatır. Onun sğzlərinə görə, bu zaman təkcə baş ağrısı və halsızlıq deyil, həyatla uyğun olmayan orqan zədələnmələri də baş verir.
“Kliniki praktikamızda biz bu cür hallarla yay aylarında, xüsusilə yaşlılarda, uşaqlarda və açıq havada çalışan insanlarda tez-tez qarşılaşırıq. Günvurma yalnız istiliklə bağlı deyil – bu, bəzən əvvəldən mövcud olan xroniki xəstəliklərin aktivləşməsi və ya ağırlaşması üçün də bir tətikləyici rolunu oynayır.
Məsələn, hipertoniya, şəkərli diabet, ürək çatışmazlığı kimi xəstəlikləri olan insanlar isti havada bədən mayesini tez itirir, dərman balansı pozulur və kəskin böyrək çatışmazlığı, miokard infarktı, insult, şok kimi həyat təhlükəsi yaradan vəziyyətlər inkişaf edə bilir”.
Terapevtin fikrincə, ən qorxulusu isə, günvurma zamanı beyinə təsirdir:
“Həddindən artıq istilik və dehidratasiya nəticəsində baş verən serebral ödem (beyin şişməsi) və hipoksik beyin zədəsi çox vaxt geridönməz nəticələrə gətirib çıxarır. Klinikamızda şahid olduğumuz bir neçə hal var ki, adi açıq havada işləyən gənc şəxslər sadəcə maye itirdikləri və simptomlara əhəmiyyət vermədikləri üçün komatoz vəziyyətə düşmüşdülər. Onlardan bəziləri həyatlarını itirmişdi.
İstiliklə bağlı xəstəliklər arasında ən ağır forması məhz günvurma sayılır. Ondan əvvəl gələn mərhələlərə istilik tükənməsi, istilik sinkopası, istilik krampları daxildir. Təəssüf ki, insanlar çox zaman bu ilkin mərhələləri ciddiyə almır və vəziyyət ağırlaşdıqdan sonra təcili tibbi yardım axtarırlar”.
G.Musayeva onu da diqqətə çatdırıb ki, günvurma qısa müddətdə inkişaf edə və 1–2 saat ərzində insanı həyatla vidalaşdıra bilər:
“Bu, təkcə statistikada qalan nadir hadisə deyil. Tibbi reallıqda biz bunu görürük və çox vaxt gec olur. Profilaktika isə mövcuddur və sadədir: günün isti saatlarında açıq havada fəaliyyətin məhdudlaşdırılması, bol maye qəbulu, yüngül geyimlər, başı qoruyan şlyapalar və ən əsası – bədən siqnallarını vaxtında dinləmək.
Ən vacibi isə budur: Günvurma sadəcə “başım isti keçdi” deyil. Bu çoxsistemli həyati təhlükəli sindromdur və vaxtında müdaxilə edilməzsə, nəticə ölümlə nəticələnə bilər”.