EN

Avropada "Tesla"nın elektromobil satışları sürətlə azalır

"Tesla" şirkəti ənənəvi olaraq rüblük hesabatlarında regional nəticələri ön plana çıxarmır – xüsusilə də uğur göstəriciləri yoxdursa.

Ölkə.Az-ın "Reuters"ə istinadən məlumatına görə, Avropanın bir sıra ölkələrində Tesla elektromobillərinin satışları artıq yeddinci aydır ki, ardıcıl olaraq azalır.

2025-ci ilin iyul ayında İsveçdə "Tesla" satışları ötən ilin eyni dövrü ilə müqayisədə 86% azalıb – cəmi 163 avtomobil satılıb. Danimarkada 52% azalma ilə 336 avtomobil, Niderlandda isə 62% azalma ilə 443 ədəd satılıb. Belçikada da satışlar 58% aşağı düşüb. Fransada vəziyyət bir qədər sabitdir – satışlar 27% azalsa da, 1307 avtomobil satılıb.

Portuqaliyada da eyni dinamika müşahidə olunur – burada satışlar 49% azalıb, yəni 284 avtomobil satılıb. İtaliyada azalma minimal olub – cəmi 5%, 457 elektromobil satılıb. "Tesla"nın ənənəvi olaraq güclü bazara sahib olduğu Norveçdə isə satışlar 83% aşağı düşüb. İspaniyada isə 27% azalma müşahidə olunub – 702 avtomobil satılıb. Maraqlıdır ki, İspaniyada ümumilikdə hibrid və elektromobil bazarı 155% artım göstərib.

2025-ci ilin ilk yarımili üzrə "Tesla"nın Avropadakı satışları üçdə birindən çox azalıb. Qeyd edilən ölkələrin əksəriyyətində isə iyul ayında ümumi yüngül avtomobil bazarında artım müşahidə olunub – yalnız Fransa (8% azalma), İtaliya (5%) və Belçikada (2%) azalma qeydə alınıb.

Şirkətin rəhbəri İlon Mask bu azalmaları Avropadakı avtopilot funksiyalarına tətbiq olunan hüquqi məhdudiyyətlərlə izah edir. Onun sözlərinə görə, yerli qanunvericilik ABŞ-da olduğu kimi tam şəkildə avtonom idarəetmə texnologiyalarından istifadə etməyə imkan vermir. Bu isə "Tesla"nın avropalı alıcılar üçün cəlbediciliyini azaldır.

Yenilənmiş "Model Y" elektromobilinin Avropa satışları mart ayında başlasa da, ümumi statistikanı əhəmiyyətli dərəcədə dəyişməyib. Yeganə istisna Norveç olub – burada iyul ayında Model Y qeydiyyatları 4 dəfə artıb. Bu artım yerli əhaliyə təqdim olunan faizsiz kredit proqramı sayəsində baş verib.

Almaniya və Böyük Britaniya üzrə statistik məlumatların gələn həftə açıqlanacağı gözlənilir.

Chosen
92
olke.az

1Sources