EN

“Azərbaycan qazı 1,6 milyon suriyalı ailəyə işıq gətirəcək” HƏSƏN OKTAY

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanın Suriyaya qaz ixracına başlaması yalnız iqtisadi mənfəətlərlə məhdudlaşmır, həm də ölkənin regionda geosiyasi mövqeyini gücləndirir. Müharibədən çıxmış və enerji infrastrukturunu bərpa etməkdə çətinlik çəkən Suriyaya enerji təminatı Azərbaycanın beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınmasına şərait yaradır”.

Bu fikirləri  Gununsesi.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, Türkiyəli politoloq Həsən Oqtay Azərbaycanın Suriyaya qaz ixracına başlamasının həm iqtisadi, həm də geosiyasi aspektlərini müzakirə edərkən deyib.

O, bildirib ki, bu addım regionda yeni enerji əməkdaşlığı səhifəsi açır və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuzunu artırır.

Həsən Oqtay vurğulayıb ki, enerji marşrutlarının şaxələndirilməsi və yeni bazarlara çıxış Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir və regional sabitliyin təmin olunmasına əhəmiyyətli töhfə verir:

“Suriya prezidenti Əhməd əl-Şaraın hökumət səfərindən sonra, avqustun 2-də Türkiyə-Suriya təbii qaz kəmərinin açılış mərasimi çərçivəsində Kilis şəhəri vasitəsilə Suriyaya Azərbaycan qazının ixracına başlanıb. Mərasimdə Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun prezidenti Fəhad Həməd əl-Sulayti, Suriyanın Energetika Naziri Məhəmməd əl-Bəşir və Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbar iştirak ediblər.

Nazir Bayraktar açılış nitqində bildirib ki, ilkin mərhələdə ildə 2 milyard kubmetr təbii qaz ixracı Suriyada elektrik enerjisinin gündəlik istehsalını 3-4 saatdan 10 saata qədər artıracaq. O qeyd edib ki, Türkiyə hazırda Suriyaya səkkiz fərqli nöqtədən elektrik enerjisi ixrac edir və bu göstərici yaxın gələcəkdə ilkin olaraq 25%, daha sonra isə iki dəfədən çox artırılacaq. Yeni bağlantılarla elektrik gücü 860 meqavata çatacaq və təqribən 1,6 milyon suriyalı ev təsərrüfatı elektrik enerjisi ilə təmin olunacaq.

Bayraktar həmçinin SOCAR ilə Azərbaycan qazının nəqli üçün svop müqaviləsi imzalandığını açıqlayıb. O, iyulun 30-da verdiyi açıqlamada Türkiyənin Suriyanın şimalına artıq 280 meqavat elektrik enerjisi ixrac etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan qazının Suriyaya tədarükü elektrik istehsalını əhəmiyyətli dərəcədə artıracaq və bu, suriyalı qaçqınların Türkiyəyə geri dönüşünü sürətləndirə bilər”.

Politoloq həmçinin deyib:

“Kilis-Hələb təbii qaz kəmərinin təmiri mayın 21-də başa çatıb və kəmər gündəlik 6 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malikdir. Eyni zamanda, 500 meqavat gücündə Bicarik-Hələb elektrik ötürücü xəttinin yenidən işə salınması üzrə işlər davam edir.

Avropa İttifaqı və ABŞ sanksiyalarının ləğvindən sonra, may ayında Suriyanın Energetika Nazirliyi ilə Türkiyə və Qətərin bir sıra iri şirkətləri – Kalyon Holdinq, Cengiz Holdinq, UCC və ABŞ-ın Power International şirkəti arasında 7 milyard dollar dəyərində strateji əməkdaşlıq sazişi imzalanıb. Konsorsium Treifi, Zeyzoun, Deyr əz-Zor və Meharde bölgələrində qazla işləyən elektrik stansiyaları, eləcə də Vidyan əl-Rabi bölgəsində 1000 meqavatlıq günəş elektrik stansiyası tikməyi planlaşdırır. Bu obyektlər təqribən iki il ərzində, qaz zavodları isə üç il ərzində istifadəyə veriləcək.

Bu layihələr Suriyanın enerji təhlükəsizliyinin bərpası, ekoloji davamlılıq və regional iqtisadi inkişafın təminatı məqsədini daşıyır. Vətəndaş müharibəsi başlayandan bəri Suriya enerji infrastrukturunun 50%-dən çoxunu itirib, elektrik istehsal gücü 8500 meqavatdan 3500 meqavat səviyyəsinə enib. Bu isə əsasən Meharda, Hələb və Zeizun bölgələrində stansiyalara vurulmuş ciddi ziyanlarla bağlıdır.

2011-ci ilə qədər Suriya gündə 400 min barel neft hasil edib ixrac edirdi, lakin müharibə nəticəsində bu göstərici 20 min barel səviyyəsinə düşüb və ölkə hazırda neft idxalçısına çevrilib. Eyni zamanda, əvvəllər inkişaf etmiş qaz sənayesi demək olar ki, tamamilə məhv edilib”.

Türkiyəli politoloqun fikrincə, bu addım Azərbaycan üçün yeni ticarət və əməkdaşlıq imkanları yaradır, enerji ixracının coğrafiyasını genişləndirir və regionda daha güclü strateji təsir qazanmağa şərait yaradır:

” Suriyaya qaz ixracı Azərbaycanın enerji siyasətində marşrutların şaxələndirilməsi və risklərin azaldılması istiqamətində mühüm addımdır.

Bu, ölkənin enerji resurslarını yeni bazarlara çıxarmaqla iqtisadi dayanıqlığını artırır və beynəlxalq enerji əməkdaşlıqlarında daha geniş iştirakını təmin edir. Geosiyasi baxımdan isə, bu təşəbbüs Azərbaycanın Yaxın Şərqdə mövqeyini möhkəmləndirərək, regional sabitliyin təmin olunmasına töhfə verir və ölkənin diplomatik nüfuzunu yüksəldir.

Ümumilikdə, Suriyaya qaz ixracı Azərbaycanın enerji və xarici siyasət strategiyalarında yeni imkanlar yaradaraq, ölkənin qlobal enerji arenasında daha rəqabətqabiliyyətli və strateji aktor kimi mövqeyini gücləndirir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
icma.az

1Sources