EN

Xankəndi Azərbaycan iqtisadiyyatının inkişaf barometridir

Milyonlarla investisiya, minlərlə iş yeri, yüzlərlə obyekt və daha nələr...

Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Vətən müharibəsindən bugünə qədər sözügedən ərazidə  həyata keçirilən iqtisadi layihələrlə bağlı maraqlı statistika ilə çıxış edib. Elçin Yusubovun sözlərindən məlum olub ki, investorlar tərəfindən bu əraziyə 56 milyon manatdan çox investisiya qoyulub. Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarların istifadəsinə verilib və bu obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Hansı ki, yaxın gələcəkdə iş yerlərinin sayının 5 mini ötəcəyi planlaşdırılır.

Hazırda işğaldan azad edilən bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən geniş güzəştlər tətbiq edilir ki, bu da iş adamları üçün ciddi stimul və dəstək deməkdir.

Elçin Yusubovun Diaspor Gənclərinin 6-cı Yay düşərgəsindəki çıxışı Xankəndinin timsalında işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafından xəbər verir. Bu inkişafın göstəriciləri isə kifayət qədər aydın və çoxsaylıdır.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına investorlar tərəfindən 56 milyon manatdan çox vəsaitin qoyuluşu bu ərazilərə investorlar tərəfindən marağın kifayət qədər böyük olduğunu göstərir. Bu rəqəm onu deməyə əsas verir ki, işğaldan azad edilən torpaqlar sahibkarlar üçün öz  cazibəsini sürətlə artırmaqda, onlar üçün ciddi maraq kəsb etməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına qısa zamanda 56 milyon manat investisiyanın qoyuluşu bu tendensiyanın yaxın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir.

Elçin Yusubovun təqdim etdiyi statistikada qürur doğuran faktlardan biri də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına yüzlərlə obyektin sahibkarların ixtiyarına verilməsidir. Bu, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, ona yeni və mühüm güc qazandırmaq deməkdir.

Açıqlamada diqqət çəkən digər bir məqam bu obyektlərdə 2 mindən çox şəxsin işlə təmin edilməsi, yaxın vaxtlarda bu göstəricinin 5 min nəfərə qədər artırılmasının planlaşdırılması ilə bağlıdır. Təqdim edilən rəqəmlər sübut edir ki, işğaldan azad edilən bu torpaqlarda məşğulluğun həlli, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət və güclü əzm sərgiləməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafının hər vəchlə təşviq edilməsi bu ərazilərdə məskunlaşan soydaşlarımızın işlə təminatını yaxşılaşdırmaqda, bu torpaqlarda həyatı dirçəltməkdədir.

Göründüyü kimi, bu gün Xankəndi sadəcə sürətlə inkişaf edən, çiçklənən şəhər deyil. Xankəndi həm də Azərbaycan iqtisadiyyatının inkişaf barometridir. Bu barometr ölkə iqtisadiyyatının necə sürətlə böyüdüyündən, necə çiçəkləndiyindən xəbər verir.

Məlum statistika onu deməyə əsas verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları yaxın gələcəkdə iqtisadi baxımdan sürətlə inkiaşf etməkdə davam edəcək, yalnız Azərbaycana deyil, bütün regiona yeni iqtisadi möcülər bəxş edəcək.

Seymur ƏLİYEV

 

Chosen
27
moderator.az

1Sources