EN

Tramp nüvə sualtı qayıqlarının "lazım olan yerə" göndərildiyini təsdiqləyib

ABŞ Prezidenti Donald Trampın Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevlə qiyabi mübahisəsindən sonra "müvafiq bölgədə" yerləşdirilməsini əmr etdiyi iki nüvə sualtı qayığı təyin olunmuş yerə çatıb. Avqustun 3-də Nyu-Cersidən Vaşinqtona uçmazdan əvvəl Tramp jurnalistlərə deyib ki, onlar "artıq lazım olan bölgədədirlər".

Bununla belə, o, sualtı qayıqların hansı regionda yerləşdirildiyini, onların nüvə qurğuları və ya nüvə silahı ilə təchiz edilib-edilmədiyini dəqiqləşdirməyib. Tramp qayıqların harada olduğunu açıqlamasa da, onların Rusiyaya daha da yaxınlaşdığını vurğulayıb. Qeyd edək ki, Amerikanın  nüvə sualtı qayıqlarının yeri çox məxfidir.

Trampın iki nüvə sualtı qayığını "müvafiq rayonlara" göndərmək əmri avqustun 1-də məlum olub. O, bu addımını Dmitri Medvedevin son dərəcə təxribatçı bəyanatları ilə izah edib. Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, "bu qərar axmaq və qızışdırıcı bəyanatların sadəcə söz yox, başqa bir hal olacağı üçün" qəbul edilib. Tramp izah edib ki, sözlər çox vacibdir və çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır: "Ümid edirəm ki, bu dəfə belə olmayacaq".

İyulun 28-də D.Medvedev X sosial şəbəkəsində Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarı olan amerikalı senator Lindsi Qremlə mübahisə edib. O, Ağ Ev rəhbərinin yeni ultimatumunu - Ukraynada müharibəyə son qoymaq məqsədilə razılığın əldə olunması üçün son müddəti 50 gündən 10 günə endirməsini Rusiya ilə ABŞ arasında "hədə və müharibəyə doğru addım" kimi qiymətləndirib, Tramp və Qremi isə "babalar" adlandırıb. 

Buna cavab olaraq iyulun 31-də D.Tramp "Truth Social" sosial şəbəkəsində Rusiya neftinin ən böyük idxalçılarından biri olan Hindistanın və Rusiyanın iqtisadiyyatlarını "ölü" adlandırıb. O, Medvedevi sözlərinə diqqət etməyə çağırıb və qeyd edib ki, o, çox təhlükəli əraziyə daxil olur. 

Həmin gün D.Medvedev "Telegram" kanalında yazıb: "Əgər keçmiş Rusiya Prezidentinin bəzi sözləri ABŞ-nin bütöv, qorxunc Prezidentində belə, əsəbi reaksiyaya səbəb olursa, deməli, Rusiya hər şeydə haqlıdır və öz yolu ilə getməyə davam edəcək". 

"Hindistan və Rusiyanın ölü iqtisadiyyatı və təhlükəli əraziyə giriş haqqında bunu deyə bilərəm - qoy o, "gəzən ölülər" haqqında sevimli filmlərini xatırlasın, həmçinin təbiətdə olmayan "ölü əl"in nə qədər təhlükəli olduğunu düşünsün", - deyə D.Medvedev əlavə edib. Avropa və ABŞ-də "ölü əl" (Dead Hand) SSRİ-də hazırlanmış, lakin hələ də Rusiyada istifadə olunan kütləvi cavab nüvə zərbəsinə avtomatik nəzarət edən "Perimetr" kompleksinin adıdır. Kompleks rabitə xətlərinin zədələnə biləcəyi fövqəladə hallar zamanı raketlərin buraxılması üçün əmrlərin məntəqələrə çatdırılmasına zəmanət vermək üçün nəzərdə tutulub.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

1Sources