EN

Kino lentləri niyə soyuq temperaturda saxlanılır?-“Sıradan çıxa, keyfiyyətini itirə bilər”-FOTO+ÖZƏL

Köhnə filmlərimizi qorumaq, onları gələcək nəsillərə ötürmək hamımızın borcudur. Bütün klassik filmlərimiz kino lentlərinə çəkilib. Bu lentlər həssasdır və onların qorunub saxlanılması diqqət tələb edir.
 
Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, Dövlət Film Fondunda bu lentlər xüsusi qutularda saxlanılır:
 
“Azərbaycan kinosunun tarixi təməli hesab olunan Mişonun çəkdiyi kinoxronikalar ən qədim kino lentləridir. Həmin lentlər Dövlət Film Fondunda qorunub saxlanılır. Ən qədim kino lentinə çəkilmiş ekran işi isə “Qız qalası” filmidir. Artıq “Qız qalası” filminin 102 yaşı var. Bura daxildir, həm Azərbaycan bədii filmləri, həm də Sovet kino prokatında olmuş kino lentindəki bədii filmlər. Bokslar xüsusi hava və temperaturla təmin edilib. Onların saxlanıldığı otaq çox soyuqdur. Kino lentlərinə vaxtında qulluq edilmədikdə lentlər sıradan çıxa, keyfiyyətini itirə bilər. Bizdə 18 bu cür film saxlanılan boks var. Və orada 20 mindən artıq kino lentinin qutusu var” deyə o bildirib.
 
Rəşad Qasımov bildirib ki, Dövlət Film Fondunda köhnə filmlərimizin bərpa prossesi də həyata keçirilir:
 
“Bu günlərdə “Yol əhvalatı” filminin kinolentində bərpa prossesi həyata keçirildi. Prosesin ilk mərhələsi əllə aparılır, sonra xüsusi monitorda bir daha baxılır ki, lentin problemi var ya yox? Ondan sonra o bizim filmlərimizin saxlanıldığı boksa qaytarılır. Ay ərzində 3-4 film bərpa edilir. Bir neçə ay öncə Oqtay Mirqasımovun “Dəniz” filmi bərpadan sonra nümayiş olundu. Bu günə qədər artıq bir çox sənədli və bədii filmlərimiz bərpa olunub. “Tütək səsi”, “Bir cənub şəhərində”, “Təhminə”, “Nəsimi” və başqa bədii filmləri misal göstərə bilərəm” deyə o bildirib.
 
Qeyd edək ki, fondda muzey də fəaliyyət göstərir. Burada görkəmli sənət adamlarının, kino işçilərinin şəxsi əşyaları eksponat kimi nümayiş etdirilir.
 
Chosen
33
moderator.az

1Sources