EN

Azərbaycan təbii qazı Suriyada - Ermənistanın qorxusu...


Məlum olduğu kimi, avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.

“Euronews Turkish” telekanalına danışan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub.

“Euronews Turkish” qeyd edir ki, Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb. Qeyd edək ki, Suriya sərhədinin 99 ilometrliyində, Kilis şəhərində keçirilən Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətərin İnkişaf Fondunun prezidenti Fahad Hamad Al-Suleyti, Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edib. Onu da xatırladaq ki. Azərbaycan, Qətər, Suriya və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı birgə açıqlama yayıb. Qeyd olunub ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonra yenidən qurulması və normallaşması prosesi üçün mühüm əhəmiyyət kəsb edir: “Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında uzanan və gündəlik 6 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik bu yenilənmiş boru kəməri avqustun 2-də rəsmi olaraq fəaliyyətə başlayıb. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə bu təşəbbüs çərçivəsində elektrik enerjisi istehsalına dəstək verməklə Suriya Ərəb Respublikasının bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir. Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlanması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq. Bu təşəbbüs Suriya iqtisadiyyatının canlanmasına və insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə töhfə verən mühüm humanitar addımdır. Bundan başqa, ölkələrimiz regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyirlər”. Bütün bunlar Ermənistanda ciddi narahatlıq yaradıb. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Türkiyənin Kilis şəhərində enerji sektorunda ilk baxışda adi xəbər kimi görünsə də, əslində Türkiyə-Azərbaycan tandeminin strateji möhkəmlənməsi zəncirinin daha bir halqası olan hadisə baş verib. Bu, Ermənistan üçün açıq təhlükədir.

Belə ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqlinə başlanmasına həsr olunmuş mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətər hökumətlərinin nümayəndələri iştirak ediblər. Birinci mərhələdə Suriyaya ildə 1,2 milyard kubmetr qaz tədarük ediləcək. Bu qaz Hələb və Homsda 1200-1300 meqavat elektrik enerjisi istehsal edəcək elektrik stansiyalarına gedəcək. Suriya rəsmilərinin açıq və yüksək səslə vurğuladığı kimi, uzun illər müharibə və dağıntılar yaşayan bu ölkə üçün bu, sadəcə bir enerji layihəsi deyil, “sənaye və infrastrukturu bərpa etmək şansıdır”.

Ankara isə bütün bunlarda fəal şəkildə “oynamaqdadır”. Türkiyənin energetika naziri Alparslan Bayraktar yeni qaz kəmərini “Türkiyə-Suriya dostluğunun parlaq simvolu” adlandırıb və əməkdaşlığa görə Azərbaycan, Suriya və Qətərə təşəkkür edib. Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir ölkənin bərpasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xatırladıb ki, Azərbaycan qazı bu gün artıq 14 ölkəyə verilir və bu, Bakını qlobal enerji sektorunda mühüm oyunçuya çevirir. Bu da diqqətdən kənarda qalmayan bir faktdır: Azərbaycan ixrac marşrutları şəbəkəsini genişləndirərkən, beynəlxalq mövqelərini gücləndirərkən, Ermənistan ritorika və daxili çəkişmələrdə ilişib qalıb. İrəvandakı hakimiyyət “Dünyanın kəsişməsi” layihəsi haqqında çox danışır, onu Ermənistanı nəqliyyat və logistika mərkəzinə çevirmək üçün böyük təşəbbüs kimi təqdim edir. Bəs real addımlar haradadır? Ən azı tikintinin başlaması və ya ən azı bir marşrutun işə salınması haradadır? Əvəzində informasiya gündəliyinə hökumətin nəzarətində olan KİV-lərdə Rusiyadakı Azərbaycan obyektlərinin sökülməsi, Azərbaycan diasporu nümayəndələrinin həbsi ilə bağlı müzakirələr yer alıb. Oh, bəli - Robert Köçəryanın Nikol Paşinyanı tənqid edən müsahibəsi haqqında da sonsuz şərhlər var. Fakt faktlığında qalır: Ermənistanın siyasi səhnəsi getdikcə daha çox strateji qərarlar platformasına deyil, şəxsi və partiya çəkişmələri halqasına çevrilir. Bu cür müzakirələr Ermənistanı güclü etmir, ölkəni iddialı nəqliyyat və ya enerji hədəflərinə yaxınlaşdırmır. Bu arada Türkiyə-Azərbaycan tandemi sözlərin necə layihəyə, layihələrin müqaviləyə, müqavilələrin isə işləyən infrastruktura çevrildiyini nümayiş etdirir. Və hər bir yeni boru kəməri, liman və ya dəmir yolu onların regional təsirinin başqa elementidir. Sual yaranır: Ermənistan nə vaxtsa bu liqada oynayacaq, yoxsa başqalarının uğurlarını şərh edən müşahidəçi kimi qalacaq? Bunun baş verməsi üçün bizim paroxial kateqoriyalar üzrə düşünməyi dayandırmağın vaxtıdır və bunun əvəzinə anlamalıyıq: indi və yaxın gələcəkdə hansı Ermənistanı görürük? Bu suala yalnız vicdanlı, səmimi cavab bizə irəliləməyə başlamağa imkan verəcək. Üstəlik, bu müzakirə ümummilli olmalıdır. İqtidar və müxalifət bir-birini düşmən kimi görməkdən əl çəkməlidir. Bizim bir Ermənistanımız var. Və hamımız onu mümkün qədər güclü, müstəqil və firavan etməyə borcluyuq. Bu, çox qeyri-populyar addımlar atmaq anlamına gəlsə belə”

Tahir TAĞIYEV

Chosen
43
baki-xeber.com

1Sources