ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Son illərdə dünyada bərpa olunan enerji mənbələrinə maraq sürətlə artır. Bu tendensiya Azərbaycan üçün də aktualdır və ölkəmizdə alternativ enerji istehsalının genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Xüsusilə günəş və külək enerjisi sahəsində əldə edilən uğurlar, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verir.
Vüqar Bayramov
Bizimyol.info xəbər verir ki, bu məsələyə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov münasibət bildirib.
"2025-ci ilin ilk yarısında Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə, 3.5 dəfə artaraq 314.6 mln. kVt·st olub. Bu dövrdə bərpa olunan enerji mənbələrindən istehsal 15 faizə yaxın artaraq 2 330,1 mln. kVt saata çatıb. Bütövlükdə, həmin dövrdə ölkəmizdə elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub. Külək elektrik stansiyalarında isə 21,0 mln. kVt·st istehsal qeydiyyata alınıb", - deyə deputat qeyd edib.
V.Bayramov bildirib ki, əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. "Bu ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu daha aşağı xərclə və qiymətlə enerji əldə edilməsinə imkan yarada bilər. Eyni zamanda, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.
COP29-a ev sahibliyi edən Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir. Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhvəsidir", - deyə o bildirib.
Azərbaycanın bərpa olunan enerji sahəsində atdığı addımlar yalnız daxili enerji ehtiyaclarının ödənilməsi üçün deyil, həm də regional enerji əməkdaşlığının gücləndirilməsi və ekoloji sabitliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr və qanunvericilik təşəbbüsləri, gələcəkdə vətəndaşların enerjiyə çıxış imkanlarını artırmaqla yanaşı, ölkəmizin "yaşıl gələcək" inkanlarını daha da möhkəmləndirəcək.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.