ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc “Cebheinfo.az”-ın suallarını cavablandırıb:
- Bugünlərdə Keşlə qəsəbəsində dəmiryol zolağında tikilən evlərin sökülməsinə başlanılıb. Həmin ərazilər təhlükəli olduğu halda niyə bu evlərin inşaasına icazə verilib?
-Dəmir yollarının kənarında, dövlət obyektlərinin yanında, yüksək gərginlikli elektrik xətlərinin altında və yaxud da kommunal xətlərin keçdiyi yerlərin üzərində, meşə zolağında, dövlət tərəfindən strateji əhəmiyyətə malik qorunan yerlərdə ev tikmək, qanunsuz tikinti işləri aparmaq qadağandır.
Keşlə dəmir yolunun ətrafında da eyni xarakterli müvəqqəti tikililər inşa edilib. Həmin tikililər də çox bərbad vəziyyətdə idi. Məsələ ondan ibarətdir ki, həmin şəxslərin nə daimi, nə də müvəqqəti Bakı qeydiyyatı var. Onlar rayon qeydiyyatında olan, həmçinin iş yerləri olmayan şəxslərdir. Onlara yəqin ki, müəyyən alternativ yaşayış məkanları təklif edəcəklər.
- Ümumiyyətlə, təhlükəli ərazilərdə tikilən evlərin sökülməsi zamanı kompensasiya verilirmi?
-Kompensasiya o məqsədlə təqdim olunur ki, onlar müvafiq alternativ yerlərdə yaşayış məkanları əldə etsinlər. Həmin tikililərə əgər kompensasiya təklif olunarsa, onsuz da Bakı şəhərində alternativ bir yaşayış məkanı əldə edə bilməyəcəklər.
Onlara dövlət özü müəyyən yaşayış məkanı təqdim etməlidir. Məndə olan məlumata görə, bu barədə həmin şəxslərə müəyyən təkliflər olunub. Düşünürəm ki, vətəndaşlar hətta müvafiq icra strukturlarını məlumatlandırmadıqda belə, elə yerlərdə tikinti işləri aparmalıdırlar ki, həmin yerlər strateji əhəmiyyətə malik olmasın. Yəni müvafiq dəmir yolları, yaxud digər strateji xətlər həmin ərazilərdə olmasın.
-Şəhərin müxtəlif ərazilərində evlər plan əsasında söküldükdə, vətəndaş evi sökən şirkətə hansısa tələb irəli sürə bilərmi?
-Plan əsasında söküldükdə vətəndaşa kompensasiya verilir. Yaxud həmin ərazidə bina inşa edilirsə, vətəndaş yaşayış məkanı ilə təmin olunur. Bu, həmin ərazidə yerləşən daşınmaz əmlakın 1 kvadratmetrinin bazar dəyəri müəyyən olunduqdan sonra baş verir. Vətəndaş əgər həmin ərazidə mülkiyyət hüququna malikdirsə, o zaman Azərbaycan Konstitusiyasına görə, onun mülkiyyətdən imtina etməmək hüququ var.
Şirkətlər tərəfindən həmin vətəndaşı razı salmayacaq kompensasiya təklif edilirsə, o zaman vətəndaşın məsələ qaldırmaq, məhkəməyə müraciət etmək və yaxud da öz mülkiyyətindən imtina etməmək hüququ var. Konkret olaraq vətəndaşlar bu zaman qiymətləndirmə xidməti üçün məhkəməyə müraciət etməlidirlər.
Məhkəmə də öz növbəsində qiymətləndirmə xidmətini cəlb etməlidir ki, həmin ərazidə kompensasiya məqsədilə real bazar dəyərini müəyyən etsin. Yəni bütün mənalarda şirkətlərə o hüquq verilməyib ki, onların müəyyən etdikləri 1 kvadratmetrinin söküntü dəyərinə uyğun olaraq vətəndaşlar öz mülkiyyət hüquqlarından imtina etsinlər. Razılıq əldə olunursa, məsələ vətəndaşla şirkət arasında müqavilə əsasında həll olunur.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
Söküntü Keşlə Vüqar Oruc
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.