EN

Sahibə Qafarova: Azərbaycanın həyata keçirdiyi təşəbbüslər coğrafi məhdudiyyətləri imkanlara çevirib

Azərbaycanın həyata keçirdiyi təşəbbüslər coğrafi məhdudiyyətləri imkanlara çevirib.

Herbiand.az xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova avqustun 4-də Türkmənistanın Avaza şəhərində keçirilən BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində təşkil edilən Parlamentlərarası Forumda səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsləri dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün regional əməkdaşlığa və koordinasiyaya, daha yaxşı əlaqələrə və ticarətə töhfədir. Sahibə Qafarova deyib ki, son illər Azərbaycan nəqliyyat infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil yolları və dəmir yollarının çəkilməsinə milyardlarla dollar sərmayə qoyub. Qeyd olunub ki, Transxəzər Orta Dəhliz və Şimal-Cənub Dəhlizi boyunca yerləşən Azərbaycan bu gün Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Milli Məclis sədrinin çıxışında bildirilib ki, Orta Dəhlizin təməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin regional əlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən “Rəqəmsal İpək yolu” layihəsi – Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsi rəqəmsal infrastrukturun və rəqəmsal təhlükəsizliyin inkişafına töhfə verəcək.

O, həmçinin hazırda həyata keçirilən digər mühüm təşəbbüs - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da məlumat verib. Parlamentin sədri Azərbaycanın Cənub-Cənub əməkdaşlığı konsepsiyasına sadiq qalaraq, gömrük işinin təkmilləşdirilməsi və modernləşdirilməsi, rəqəmsallaşdırılması və infrastrukturun inkişafı sahəsində təcrübəsini dənizə çıxışı olmayan digər inkişaf etməkdə olan ölkələrlə bölüşdüyünü, bununla da onlara coğrafi təcriddən çıxmaq və kollektiv tərəqqiyə nail olmaq imkanı yaratdığını deyib. Sahibə Qafarova, həmçinin ölkəmizin beynəlxalq ictimaiyyəti dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin DİM-lərə nail olması üçün onlara dəstək xarakterli daha güclü, praktiki mexanizmlər təqdim etməyə çağırdığını bildirib.

Chosen
25
7
herbiand.az

10Sources