EN

COP29 a görə bəzi ixtisasların keçid balı arta bilər

Modern.az saytına istinadən ain.az xəbər verir.

Ötən il Bakıda keçirilən COP29 İqlim Konfransının bir sıra yerli sahələrə, o cümlədən ali təhsil sisteminə təsir edəcəyi istisna edilmir. Belə ki, tədbir ərəfəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin də qeyd etdiyi ki, COP29-un ölkədə təşkil olunması ətraf mühit, yaşıl enerji və davamlı inkişafla bağlı ixtisaslara marağı artıraraq qəbul ballarına təsir göstərə bilər.Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil ekspertləri də bu tendensiyanı istisna etmir. Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, COP29 tədbirinin ölkəmizdə keçirilməsi ekologiya, ətraf mühit və enerji ilə bağlı ixtisaslara marağın artmasına zəmin yarada bilər.Ekspertə görə, bu tendensiya təkcə abituriyent seçimlərinə deyil, həm də dövlətin gələcək iqtisadi və sosial siyasətində yaşıl iqtisadiyyata keçid istiqamətində atdığı addımlarla birbaşa əlaqəlidir:“Müşahidələrim və təhlillərim onu deməyə əsas verir ki, ekologiya mühəndisliyi, ətraf mühitin mühafizəsi kimi ixtisaslara maraq artacaq. COP29-un Azərbaycanda keçirilməsi həm bu sahələrin aktual məsələlərə çevrilməsi, həm də gənclərin bu istiqamətdə düşünməsinə səbəb ola bilər. Bu ixtisaslarda, xüsusilə də dövlət sifarişi əsasında təklif olunan yerlərdə keçid ballarının artımı gözləniləndir”.

Bununla belə, Rizvan Fikrətoğlu hesab edir ki, abituriyentlərin bu sahələrə yönəlməsi, bəzi hallarda real maraqdan yox, məcburiyyətdən qaynaqlana bilər:

“Reallıq budur ki, COP29 tədbirindən sonra bu sahələrin mahiyyəti, ictimai əhəmiyyəti və gələcək perspektivləri ilə bağlı təbliğat və maarifləndirmə işləri kifayət qədər zəif aparıldı. Bu səbəbdən də bəzi abituriyentlər bu ixtisaslara daha çox məcburən, yəni I ixtisas qrupunda 200 balı keçməyənlərin seçimində müşahidə oluna bilər.

Təhsil tədqiqatçısı Elmin Nuri isə açıqlamasında bildirib ki, ötən il ölkəmizdə keçirilmiş COP29 beynəlxalq ali təhsildə də bir sıra mühüm müzakirələrə yol açdı. Onun sözlərinə görə, konfrans zamanı bir çox ölkələrin universitet nümayəndələri və tələbələri Azərbaycana maraq göstərməyə başlayıb.

“COP29 tədbiri keçirilərkən ali təhsil seqmenti ilə əlaqələndirmə məsələləri diqqət mərkəzində idi. Xüsusilə, ali təhsil müəssisələrində ekoloji əsaslı ixtisasların artırılmasının vacibliyi qeyd olunurdu. Bu, həm beynəlxalq əməkdaşlıq baxımından, həm də ölkə daxilində yaşıl iqtisadiyyata keçidlə bağlı strateji hədəflərə uyğundur”.

Elmin Nuri qeyd edir ki, bu il ixtisas seçiminin ilkin mərhələsində valideyn və abituriyentlərlə aparılan söhbətlər zamanı ekologiya mühəndisliyinə marağın ötən illərlə müqayisədə dəyişmədiyi müşahidə olunur:

“Hazırda ekologiya mühəndisliyi istiqamətinə maraq əvvəlki illərlə demək olar ki, bərabərdir. Əlbəttə, plan yerlərinin sayı hələ tam açıqlanmayıb, lakin gözlənti ondan ibarətdir ki, ekologiya və ətraf mühit əsaslı ixtisaslarda plan yerləri artırıla bilər. Bu da dövlətin yaşıl inkişaf prioritetləri ilə bağlıdır”.

Bununla belə, təhsil tədqiqatçısı birinci ixtisas qrupunda marağın daha çox texnologiya yönümlü sahələrə yönəldiyini vurğulayıb:

“Ənənəvi olaraq kompüter elmləri və informasiya texnologiyalarına maraq üstünlük təşkil edir. Bu tendensiya bu il də davam edəcəyi gözlənilir. Amma ekologiya ilə bağlı ixtisaslar uzunmüddətli baxışda strateji əhəmiyyət daşıyır və gələcəkdə marağın daha da artacağı gözlənilir”.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
4
modern.az

5Sources