“AzerGold” QSC-nin və onun törəmə şirkətləri- “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.
Beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.
Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.
Ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9% artaraq, 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib.
2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27.5% artaraq 89.88 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində 21.3% artaraq 33.02 milyon ABŞ dolları təşkil edib.
Səhmdar Cəmiyyətin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil edib, bu əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4.3% artıma bərabərdir.
Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3.1% artaraq 105.22 milyon ABŞ dolları, ümumi kapitalı 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil edib.
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü il üzrə göstəriciləri dövlət şirkətinin və onun törəmə şirkətlərində yüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir.
2024-cü il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.