EN

"Biz bu prosesdə dost, strateji tərəfdaş olaraq iştirak edirik” - ŞƏRH EDİLDİ

"Azərbaycanın Gürcüstan, Türkiyə və Avropanın 10 ölkəsinə qaz satışında artıq sabit mexanizmlər formalaşıb və bu ölkələrlə əməkdaşlıq memorandumları mövcuddur". Bunu SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan dünya bazar qiymətlərinə uyğun olaraq 12 ölkəyə qaz ixrac edir: "Bu ölkələr arasında Gürcüstan, Türkiyə və Avropa dövlətləri var. Onlarla illərdir əməkdaşlıq edilir, hüquqi bazalar mövcuddur, iqtisadi və siyasi əlaqələr davamlı şəkildə inkişaf etdirilir. Amma Suriyada vəziyyət tam fərqlidir. Bu ölkə artıq 10-15 ildir ki, müharibə, siyasi qeyri-sabitlik və infrastrukturun dağılması ilə üz-üzədir. Hazırda Suriyada həm işıq, həm də qaz təminatı ilə bağlı ciddi problemlər yaşanır".

İqtisadçı vurğulayıb ki, belə bir şəraitdə Azərbaycanın qaz ixracı Suriyaya həm iqtisadi, həm də sosial baxımdan böyük fayda verəcək.

Onun fikrincə, bu, Azərbaycanın iqtisadi maraqlarından daha çox Suriyanın bərpasına dəstək xarakteri daşıyır: “Azərbaycan qazının Suriyada satılması ilk növbədə Suriya üçün əhəmiyyətlidir. Bu, oradakı insanların sosial həyatına təsir edəcək, elektrik və istilik problemlərinin aradan qalxmasına yardımçı olacaq. Eyni zamanda, bu addım Türkiyənin Suriyanı dirçəltmək istiqamətindəki səylərinə də dəstək anlamı daşıyır".

Xalid Kərimli qeyd edib ki, bu əməkdaşlıq Suriyanın əvvəlki hakimiyyəti dövründə Azərbaycanla formalaşmış gərgin münasibətlərin yumşalmasına da səbəb ola bilər: “Bilirik ki, Suriyanın əvvəlki rejimi ilə Azərbaycan arasında münasibətlər soyuq olub. Bu gün isə yeni mərhələyə qədəm qoyulur. Enerji sahəsində əməkdaşlıq bu münasibətlərin normallaşmasına töhfə verə bilər. Hesab edirəm ki, bu, həm Suriya hökuməti, həm də xalqı tərəfindən gələcəkdə müsbət qarşılanacaq".

İqtisadçı vurğulayıb ki, bütün bu prosesin əsas memarı Türkiyədir: “Türkiyənin regionda sabitlik yaratmaq, Suriyanı yenidən bərpa etmək üçün apardığı siyasət Azərbaycanın maraqları ilə üst-üstə düşür. Ona görə də biz bu prosesdə həm dost, həm də strateji tərəfdaş olaraq iştirak edirik”.

Müəllif: Fatimə Əliyeva

Chosen
2
1
sia.az

2Sources