İstifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə “mygov” mobil tətbiqində yenilik həyata keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, bu yenilik sayəsində tətbiqdə təqdim olunan məlumat və xidmətlər vahid bölmə altında bir araya gətirilib.
Əsas məqsəd istifadəçilərin tətbiq daxilində ehtiyac duyduqları məlumat və ya xidmətə daha rahat və sürətli şəkildə çatmasını təmin etməkdir.
Əvvəlki versiyada məlumatlar və xidmətlər ayrı-ayrı bölmələrdə təqdim olunurdu. Məlumatlar müəyyən kateqoriyalar üzrə qruplaşdırılsa da, xidmətlər ümumi siyahı şəklində istifadəçilərə təqdim edilirdi. Artıq tətbiqə əlavə edilmiş yeni “Kateqoriyalar” bölməsi vasitəsilə istifadəçilər özlərinə lazım olan mövzunu seçərək həmin kateqoriyaya aid olan bütün məlumat və xidmətlərlə eyni məkanda tanış ola bilirlər.
Bu yanaşma həm axtarış prosesini, həm də istifadəçinin tətbiqdəki naviqasiya təcrübəsini sadələşdirir.