EN

Yəmən sahillərində qayığın batması nəticəsində azı 76 qanunsuz miqrant ölüb  

Yəmən sahillərində təhlükəli dəniz yolunda əksəriyyəti efiopiyalı olan qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində azı 76 nəfər ölüb, onlarla insan itkin düşüb.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Yəmən təhlükəsizlik rəsmiləri Ədən körfəzində batan gəmidən 76 cəsədin çıxarıldığını və 32 nəfərin xilas edildiyini bildiriblər. BMT-nin miqrasiya agentliyi (BMqT) qayıqda 157 nəfərin olduğunu bildirib.

Qeyd olunub ki, faciə Yəmənin cənubundakı Abyan əyaləti yaxınlığında baş verib. Xilas edilən miqrantlar Ədən şəhərindəki xəstəxanaya aparılıb.

Beynəlxalq Miqrasiya Təşkilatı daha əvvəl azı 68 nəfərin öldüyünü açıqlamışdı. BMqT-nin ölkə üzrə missiyasının rəhbəri Abdusattor Esoev deyib ki, itkin düşənlərin taleyi hələ də məlum deyil.

2014-cü ildən bəri Yəməndə davam edən vətəndaş müharibəsinə baxmayaraq, yoxsul ölkə qeyri-qanuni miqrasiya üçün əsas tranzit nöqtəsi olaraq qalır. Xüsusən də etnik münaqişə ilə üzləşən Efiopiyadan qaçqın axını davam edir.

Hər il minlərlə insan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz ölkələrinə çatmaq ümidi ilə Cibutidən Yəmənə doğru Qırmızı dənizin üzərindən keçən “Şərq marşrutu” adlanan dəhlizdən istifadə edir.

BMqT keçən il Qırmızı dəniz marşrutunda azı 558 ölüm qeydə alıb. Təşkilatın hesabatına görə, keçən ay qaçaqmalçıların miqrantları Qırmızı dənizdə qayıqdan enməyə məcbur etməsi nəticəsində azı səkkiz nəfər həlak olub.

Bir vaxtlar Ərəbistan yarımadasının ən yoxsul ölkəsi olan və müharibədən əziyyət çəkən Yəməndə miqrantlar təhlükələrlə üzləşirlər. Beynəlxalq Miqrasiya Təşkilatı on minlərlə miqrantın bu ölkədə qapalı vəziyyətdə saxlanıldığını, habelə səyahətləri zamanı zorakılıq və istismara məruz qaldığını bildirib .

1Sources