EN

“Krokus” zalında törədilən terror aktı üzrə məhkəmə başlayıb

AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, müttəhimlər skamyasında cinayəti törədən 4 terrorçu da daxil olmaqla 19 nəfər əyləşib. 13 nəfər bilavasitə terror aktında, qalanları isə terror fəaliyyətinə yardım etməkdə ittiham olunur.

İşə Moskva şəhər məhkəməsinin binasında üç hakimdən ibarət kollegiya baxır. İclas açıq rejimdə başlayıb, lakin məhkəmə qapalı keçiriləcək. Bu, işdə məxfi məlumatların, habelə axtarışa verilmiş təqsirləndirilən şəxslərə qarşı istintaqı ənəgəlləyəbiləcək məlumatların olması ilə bağlıdır.

Agentliyin məlumatına görə, dinləmələrdə 100-dən çox jurnalist iştirak edib. Zərərçəkənlərin maraqlarını qoruyan vəkil İqor Turnov ən ağır, lakin ən ədalətli cəza tələb etmək planlarını açıqlayıb. Zərərdidələrin digər nümayəndəsi Lyudmila Ayvar isə bildirib ki, məhkəmə andlılar heyətinin iştirakı ilə işə baxmaqdan imtina edib.

Ümumilikdə işdə 2400 zərərçəkmiş iştirak edir. Onların arasında “MTS,” “T2 Mobile” operatorları və daha dörd təşkilat var. Mülki iddiaların ümumi məbləği 65,7 milyon rubla (823 200 ABŞ dolları) çatıb.

“Krokus Siti Hall” konsert zalında terror aktı 2024-cü il martın 22-də baş verib. Hadisəni törədənlər “Piknik” qrupunun konsertindən əvvəl binaya soxulublar, sonra isə konsert zalını yandırıblar. 149 insan terror aktının qurbanı olub, onlardan 70-ə yaxını yanğın zamanı həlak olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin “Krokus Siti Holl” konsert zalında baş verən terror aktı zamanı insanları qorumaq üçün həyatını qurban vermiş soydaşımız Hüseynov Vüqar Fuad oğlunu vətəndaşlıq borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə ölümündən sonra “İgidlik” ordeni ilə təltif edib.

Sahil İsgəndərov
AzVision.az

Chosen
11
2
azvision.az

3Sources