EN

"Neftçi"də ayrılıq - Elşad Əhmədov postunu tərk etdi

"Neftçi"də daha bir ayrılıq yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun ajademiyasının koordinatoru Elşad Əhmədov postunu tərk edib.

Əhmədovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bir neçə gün öncə "ağ-qaralar"la vidalaşan mütəxəssisin yerini kimin tutacağı dəqiqləşməsə də, bu məsələyə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis "Avtomobilçi" (Mingəçevir, 1987), "Neftçi" (1987-1988), "Qarabağ" (Ağdam, 1989-2001) klublarında çıxış edib. O, 1992-1994-cü illərdə Azərbaycan millisində 10 matça çıxıb. 1987-ci ildə "Neftçi" ilə gənclər arasında SSRİ çempionu, 1993-cü ildə "Qarabağ"la Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Məşqçiliyə futbolçu karyerasını başa vurduğu "Qarabağ"da (2001-2002) başlayıb. Daha sonra "MKT-Araz" (İmişli, 2004-2005), "İnter"in U-15 (2008-2010), əvəzedici (2010-2011), "Neftçi"nin əvəzedici (2011-2014, 2017-2018), U-17 (2015-2016), U-19 (2016-2017), "Xəzər" (2017-2018), "Sabah"ın əsas (2018-2019), U-19 (2019-2020) komandalarını çalışdırıb. 

PRO kateqoriyalı məşqçi "Neftçi"ni 2012-ci ildə əvəzedici komandaların, 2016-cı ildə U-17 Liqasının qalibi edib. 2018-ci ildə isə "Xəzər"ə I Divizionun çempionluğunu qazandırıb.

Elşad Əhmədov 2021-ci ilin iyulundan "Neftçi" Futbol Akademiyasının koordinatoru vəzifəsində idi.

Nihat

Chosen
23
2
fanat.az

4Sources