Bakı şəhəri, Binəqədi şossesi 111 ünvanında yerləşən “Azadlıq City” yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər.
Kompleksin sakinləri Bakues.az-a bildiriblər ki, iki binadan ibarət olan yaşayış kompleksində bir binaya çıxarış verildiyi halda, digərinə çıxarış verilməyib.
İddiaya əsasən, “İnam-İnşaat 555” MMC-nin rəhbəri Nazim Həsənov bu problemin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlandığını açıqlayıb.
Belə ki, MMC rəhbəri Komitənin verdiyi bəzi sənədlərin yerində olmadığını və buna görə də sakinlərin çıxarışlarının verilmədiyini bildirib.
Sakinlər, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsələyə dair verdiyi “sənədlər tamam deyil” bəyanatına konkret izah verilmədiyini vurğulayırlar.
Həm MTK, həm də dövlət orqanlarının mövqeyindəki qeyri-müəyyənlik isə sakinlərin probleminin həllini dalana dirəyir.
Sakinlər artıq mülkiyyət hüquqlarını əldə etmək üçün bu problemi tez bir zamanda həll etməyi tələb edirlər. Onlar həmçinin müvafiq dövlət orqanlarının bu məsələyə daha ciddi yanaşmalarını və məsələnin şəffaf şəkildə araşdırılmasını istəyirlər.
Daha ətraflı videomaterialda: