ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Son günlər İsrailin ifrat sağçı siyasətçilərinin Əl-Əqsa məscidinə qarşı atdığı təxribat xarakterli addımlar regionda yeni gərginlik dalğasının yaranmasına zəmin hazırlayır.
Bakıvaxtı.az-ın məlumatına görə, xüsusilə, Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin yüzlərlə radikal yəhudi ilə birlikdə müqəddəs məkana basqın etməsi, dini ayinlər icra etməsi və bunu ictimai şəkildə nümayiş etdirməsi İslam dünyasında ciddi qəzəb doğurub. İordaniyanın nəzarətində olan bu ərazidə Talmudik ibadətlərin keçirilməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir və bu addımın arxasında İsrail hökumətinin susqunluğu, bəzən isə dolayı razılığı dayanır.
Bütün bunlar fonunda sual yaranır: Beynəlxalq ictimaiyyət bu təxribatlara qarşı hansı tədbirləri görməlidir? İsrailin bu cür davranışları bölgədə yeni qarşıdurmaların başlanğıcına çevrilə bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Əslində, İtamar Ben-Qvir ilk dəfə belə bir təxribata yol vermir, bundan əvvəl də o, bu cür addımlarla gündəmə gəlib. Ümumiyyətlə, İsrail kabinetində Ben-Qvir və Smotriç kimi şəxslər Qəzzadakı qarşıdurmanın uzanmasında və məscidə edilən hücumlarda birbaşa rolu olan fiqurlardır:
"Onlar təkcə münaqişəyə meylli deyillər, həm də İsrail hökumətini, xüsusilə Netanyahu kabinetini HƏMAS-la hər hansı bir razılaşmaya getsə, təhdid etməklə seçilirlər. Tez-tez belə açıqlamalar verirlər ki, əgər hökumət HƏMAS-la anlaşmaya gedərsə, istefa verəcək və hökuməti dağıdacaqlar".
Müsahibimiz qeyd edib ki, son hadisəyə, yəni Əl-Əqsa məscidinə basqına gəldikdə isə, Ben-Qvirin tərəfdarlarının bu addımı Qəzza hadisələri ilə əlaqələndirilirsə də, onu birbaşa və ya dolayı yolla Qəzza ilə bağlamaq düzgün deyil:
"Məscidin statusu 1994-cü ildə İsrail və İordaniya arasında əldə olunmuş razılaşma ilə tənzimlənib. Məscidin inzibati və təhlükəsizlik nəzarəti tamamilə İordaniya polisinin əlindədir və Fələstin tərəfi və ya hər hansı başqa qüvvə buraya birbaşa müdaxilə edə bilməz. Belə olan halda, Ben-Qvirin basqını əslində İordaniya dövlətinə qarşı atılmış bir addımdır".

Kazım Kazımov: Ben-Qvir də məhz bu gərginliyin yaranmasını istəyir
Həmsöhbətimiz onu da əlavə edib ki, digər tərəfdən, bu addım İslam ölkələri və müsəlman xalqları arasında böyük qəzəb doğurur. Əl-Əqsa İslamın üç müqəddəs məscidindən biridir və ona qarşı edilən hər hansı hücum bölgədə gərginliyi daha da artırır:
"Əslində, Ben-Qvir də məhz bu gərginliyin yaranmasını istəyir. O, radikal-populist ritorika üzərində siyasət aparır və tərəfdarlarına belə vədlər verir. Təəssüf ki, bu cür təxribatlar onun populyarlığını artırır".
Əli Hüseynov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.