EN

Dövlət Agentliyi: Azərbaycanda 43 milli texniki reqlament layihəsi hazırlanıb

Azərbaycanda texniki tənzimləmə sisteminin formalaşdırılması, milli texniki reqlamentlərin hazırlanması, eləcə də bu sahədə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılır.

Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev deyib.

Texniki tənzimləmə nə üçündür?

O qeyd edib ki, texniki tənzimləmə qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərini müəyyən edən və bu tələblərin yerinə yetirilməsini məcburi edən normativ-hüquqi sistemdir:

“Bu sistem məhsulların insan həyatına, sağlamlığına, ətraf mühitə və istehlakçı hüquqlarına mənfi təsirlərinin qarşısını almağı hədəfləyir. Eyni zamanda, texniki tənzimləmə prosesi beynəlxalq ticarətə maneə yaratmadan malların sərbəst dövriyyəsini təmin etməyə yönəlib.

Ölkəmizdə texniki tənzimləmə sisteminin formalaşması məqsədilə 2019-cu ildə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən, istehlakçıların istifadə etdiyi qeyri-qida mallarına dair məcburi tələblər texniki reqlamentlə müəyyən edilir. Xüsusilə vurğulamaq lazımdır ki, standartlardan fərqli olaraq, texniki reqlamentlər məcburi xarakter daşıyır və əsas məqsədi insan həyatı və sağlamlığını, əmlakı, ətraf mühiti və dövlət maraqlarını qorumaqdır.

Texniki reqlamentlər istehlakçılarda əldə etdikləri malların təhlükəsiz olmasına inam yaradır. Belə ki, hər bir texniki reqlamentdə satışa çıxarılan malların müvafiq texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi nəzərdə tutulur. Bu, uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi olmayan malların istehsalı, satışı, idxalı və istifadəsinin qarşısını almış olur. Qeyd edilənlər istehlak bazarında rəqabətqabiliyyətliliyi artırır, malların xarici bazarlara maneəsiz çıxışını təmin edərək ümumilikdə ölkə iqtisadiyyatının inkişafına xidmət edir”.

E.Quluyev vurğulayıb ki, ölkə başçısının 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib:

43 layihə hazırlanıb

“Həmin Dövlət Proqramında ayrı-ayrı dövlət qurumlarına milli texniki reqlamentlərin hazırlanmasına dair tapşırıqlar nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin qurumların fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif mal kateqoriyaları üzrə 43 milli texniki reqlament layihəsi hazırlanıb.

Hazırda milli texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi həyata keçirilir. Bu məqsədlə Agentliyin rəsmi internet səhifəsində xüsusi bölmə (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) yaradılıb və milli texniki reqlament layihələri bu bölməyə əlavə edilib. Həmin bölmə vasitəsilə maraqlı şəxslərə texniki reqlamentlərlə tanış olmaq, rəy və təklifləri təqdim etmək imkanı yaradılıb”.

E.Quluyev bildirib ki, hazırda “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında”, “Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair”, “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında”, “Liftlərin təhlükəsizliyi haqqında”, “Tütün məhsulları və analoji məmulatlar haqqında” və s. mallara dair texniki reqlament layihələri də daxil olmaqla, ümumilikdə 16 milli texniki reqlament layihəsi ictimai dinləmə və müzakirə məqsədilə Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib:

Sertifikat tələb edilməlidir

“Digər layihələrin də mərhələli şəkildə ictimai dinləməyə çıxarılması həyata keçiriləcək”.

O qeyd edib ki, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlər qüvvəyə minənədək təsərrüfat subyektləri tərəfindən siyahıda müəyyən olunmuş mallara dair ölkəmizdə qüvvədə olan standartların tələblərinə riayət olunmalıdır:

“İstehlakçılar malların müvafiq standartların tələblərinə cavab verib-vermədiyini müəyyən etmək üçün malların uyğunluğunun qiymətləndirilməsini təsdiq edən sertifikatı tələb edə bilərlər”.

Chosen
7
3
apa.az

4Sources