Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
"Qurani-Kərimdə uşaqların, yetkinlik yaşına çatmayanların qorunması vacib bir prinsip kimi göstərilmişdir. Allah Təala buyurur: "Yetimlərə mallarını verin, təmiz (halal) olanı murdar (haram) ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatmayın. Bu, böyük bir günahdır!" (Nisa, 4:2)
Bu ayə konkret olaraq yetimlərin hüquqlarının pozulmasının haram olduğunu göstərir. Uşağın malını yemək haram olduğu kimi, canına və iffətinə toxunmaq, cinsi zorakılıq daha böyük haramdır. Uşağa qarşı zorakılıq həm hüquqi, həm də əxlaqi baxımdan “ifsad” sayılır və fəsad törətmək İslamda ən ağır cinayətlərdən biridir. Quranda Allah deyir: "Yer üzündə fəsad törətməyin!" (Bəqərə, 2:11)".
O bildirib ki, uşağa cinsi təcavüz etmək bu, həm fəsaddır, həm təcavüzdür, həm də bir cana və şərəfə qəsddir:
"Bu da öz növbəsində Qurandakı cinayət kateqoriyasına aiddir.Peyğəmbər Məhəmməd (s) belə bir cəmiyyət qurmuşdur ki, orada uşaqların, qadınların və zəiflərin hüquqları toxunulmaz sayılır. O, buyurur: "Kim bir uşağı aldatarsa, bizdən deyildir." (Müslim)
Əgər bir uşağın aldanması belə bu qədər günah sayılırsa, onun bədəninə təcavüz edən birisi hansı aqibəti haqq edir?Fiqhi baxımdan İslam hüququ pedofiliya kimi əməlləri zina kateqoriyasına daxil edir. Əgər bu, evli şəxsin tərəfindən edilirsə, bunun hökmü rəcm, yəni daşqalaqdır. Əgər subay bir şəxsin etdiyi sübuta yetirilərsə, bu zaman cəza 100 dəyənək və ya qovulma (tədbiri) ola bilər. Amma burada əlavə cəhət də var: əgər cinsi zorakılıq, təcavüz və ya uşağın razılığı olmadan (razılıq isə onsuz da şəriətdə uşaqdan qəbul olunmur) həyata keçirilirsə, bu, sadəcə zina yox, təcavüz (iğtisaab) kimi qiymətləndirilir və bu zaman hakim təcavüzkar üçün ölüm cəzası verə bilər".
Onun sözlərinə görə, Əbu Hənifə, Şafii, Malik və Əhməd ibn Hənbəl kimi məşhur fiqh imamları cinsi zorakılığı zinadan ayrı və daha ağır bir cinayət olaraq qiymətləndirilir:
"Çünki burada zərərçəkən razı deyil və bu, bədənə və psixoloji sağlamlığa zərər vurur. Şəfiilər və Hənbəlilər bu halda qisas – yəni ölüm cəzası və ya müvafiq olaraq ağır bədən cəzası hökmünü tətbiq ediblər.
Peyğəmbərimizin (s) dövründə belə bir hadisə olmuşdur: bir kişi bir uşağa təcavüz etmiş, məsələ Peyğəmbərin (s) qarşısına çıxarıldıqda o, belə buyurmuşdur: "Kim birini zorla murdarlasa, onu öldürün." (Əbu Davud, Hudud babı)
Bu hədis cəzanın ağırlığını göstərir. Cəmiyyətin və ailənin ən zəif və müdafiəsiz fərdi olan uşağa qarşı bu əməlin cəzası, sadəcə dünya hüququ deyil, axirət əzabıdır da.
Maraqlı və önəmli məqam odur ki, uşaqla cinsi əlaqə istər “nikah” adı altında, istərsə də digər adlarla rəsmiləşdirilsin – əgər uşaq fiziki və psixoloji baxımdan yetkin deyilsə, bu, İslamda haram sayılır. Uşağın evləndirilməsi ayrı, onunla cinsi münasibətə girmək isə tamam başqa və böyük cinayətdir. Bəzi cəhalət dövrlərində bu məsələlərə yanlış baxışlar olub, amma İslam alimlərinin əksəriyyəti belə münasibətlərin istismar, zülm və iffətə təcavüz olduğunu bildirir. Məşhur alimlərdən biri olan İbn Qayyim əl-Cəvziyyə qeyd edir ki, "uşağın evlənməsi mümkün olsa da, onunla əlaqəyə girmək üçün bədəncə və ruhi cəhətdən hazır olması zəruridir. Əgər hazır deyilsə, bu bir cinayətdir."
Bu gün bəzi dairələr İslamı gözdən salmaq üçün guya İslamda pedofiliyanın leqallaşdırıldığını iddia edirlər. Halbuki bu, İslamın ruhuna, məqsədinə və şəriət prinsiplərinə ziddir. İslamın əsas məqsədi insanın canını, şərəfini, namusunu və nəslini qorumaqdır. Bu isə “məqasidüş-şəriə”, yəni şəriətin əsas hədəflərindəndir.
Nəticə etibarilə, İslamda pedofiliya – istər zorakılıq şəklində, istər "nikah" adı ilə həyata keçirilsin – qəti qadağandır, haramdır və cinayət sayılır. Bunun cəzası isə zina, təcavüz və fəsad kateqoriyalarına uyğun olaraq şəriət hakimiyyəti altında ağır şəkildə verilir. Uşaqlar cəmiyyətin əmanətidir. Onlara qarşı edilən hər cür zorakılıq Allaha və insanlığa qarşı açıq bir müharibədir".
Qeyd edək ki, Sabirabadda 4 yaşlı qız qonşu kişi tərəfindən cinsi istismara məruz qalıb.
Əfsanə Kamal
Demokrat.az
3Sources
-
nocomment.azİlahiyyatçı: “Bu gün bəzi dairələr İslamda pedofiliyanın leqallaşdırıldığını iddia edirlər” ( 20002744)
-
demokrat.azİlahiyyatçı: Bu gün bəzi dairələr İslamda pedofiliyanın leqallaşdırıldığını iddia edirlər ( 19999111)
-
demokrat.azİlahiyyatçı: "Bu gün bəzi dairələr İslamda pedofiliyanın leqallaşdırıldığını iddia edirlər" ( 19999042)