EN

Maşında çıxan yanğının qarşısını almaq üçün sürücü əvvəlcə nə etməlidir? AQİL RƏHİMOV FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avtomobilin texniki vəziyyətinə nəzarət etməmək, nasaz elektrik sistemi, qaz sızması, mühərrikdəki yağ axıntıları və ya digər texniki qüsurlar bəzən ağır nəticələrə – avtomobil yanğınlarına səbəb ola bilir. Bu cür hallar adətən qəfil baş verdiyindən sürücülər təşvişə düşür və düzgün reaksiya verə bilmirlər.

Bəs belə bir vəziyyətdə sürücülər ilk olaraq nə etməlidirlər?

Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, birinci növbədə yanğını söndürmək çox çətindir:

“Ona görə elə tədbirlər görmək lazımdır ki, maşın yanmasın. Maşına kustar halında quraşdırılmış LED işıqlar, ksenon işıqlar qoşdurmaq lazım deyil. Ümumiyyətlə, elektrik avadanlığı ilə əlaqədar müxtəlif cihazlar qoyanda çox ehtiyatlı olmaq lazımdır. Qoruyuculardan, hidroxanitellərdən istifadə etmək lazımdır.

Bir halda ki, artıq yanğın başlayıb, birinci tədbir akkumulyatoru elektrik sistemindən ayırmaqdır. Onu da açarla ayırmaq çox çətindir. Çünki yanğın baş verəndə sürücü o qədər həyəcanlı olur ki, açarla boltu açmağa çalışanda bacarmır. Buna görə mən sürücülərə məsləhət görərdim ki, maşında dəmir qayçı saxlasınlar. O, akkumulyatorun məftilini çox asanlıqla kəsir. Belə bir hadisə olanda həmin akkumulyatorun mənfi və ya müsbət çıxışlarını həmin dəmir kəsən qayçı ilə dərhal kəsmək lazımdır”.

Aqil Rəhimov əlavə olaraq qeyd edib ki, yanğın mühərrikdə və ya salonda başlayıbsa, dərhal kapotu tam açmaq olmaz. Çünki bu zaman içəri çoxlu oksigen daxil olur və alov güclənərək partlayış yarada bilər:

“Ona görə kapotu bir qədər aralayıb, maşında olan yanğınsöndürən balonla müdaxilə etmək lazımdır. Bəzən sürücülər texniki baxışdan keçmək üçün dekorativ, kiçik yanğınsöndürənlərdən istifadə edirlər. Bu da effektli olmur”.

Dizel və benzin mühərrikli avtomobillərin yanacaq sistemində olan boruların yaxşı bərkidilməsi vacibdir. Periodik olaraq avtomobili ustaya göstərmək və sistemdə benzin axıntısının olmamasını təmin etmək lazımdır. Çünki mühərrik tərəfdən benzin axıntısı olduqda bu, qızmar hissələrə düşərək dərhal alışma yarada bilər.

Avtomobil ustası Dəniz Ağabəylinin fikrincə, havaların isinməsi ilə bağlı bu aralar avtomobillərin yanması ilə bağlı hallar artıb:

“Bu, adətən ya köhnə, ya da əlavə avadanlıqlar qoşulmuş avtomobillərdə baş verir. Mühərrikdə benzin və ya yağ axıtmalar, naqillərlə bağlı qısa qapanmalar nəticəsində alışmalar olur. Sürücülərə məsləhət görərdik ki, avtomobilə əlavə avadanlıqlar quraşdırmaqdan çəkinsinlər. Zavod istehsalçısı nəyi məsləhət görürsə, ondan istifadə edilməlidir. Əgər sürücü yolda gedərkən yanğın baş verərsə, ilk növbədə avtomobildə olan yanğınsöndürən balonla müdaxilə etməlidir. Bu, yalnız texniki baxış üçün deyil, həqiqətən zəruri təhlükəsizlik vasitəsidir”.

Usta bildirib ki, əgər müdaxilə nəticə verməzsə, sürücü avtomobilin yanında dayanmamalıdır:

“Çünki yanğın benzin bakına keçərsə, avtomobil partlaya bilər. Bu isə sürücü üçün həyati təhlükə yaradır. Belə halda, sürücü əvvəlcə avtomobildəki yanğını söndürmək üçün tədbir görməli, alınmasa dərhal Fövqəladə Hallar Nazirliyinə zəng etməlidir ki, yanğın peşəkar şəkildə söndürülsün”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
avtosfer.az

1Sources