EN

"Əvvəllər müşahidə olunan xaotik vəziyyət artıq tənzimlənməkdədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün Bakının ictimai nəqliyyat sistemi əsasən metro və avtobus seqmentlərindən ibarətdir və şəhərin artan əhali sayı, iqtisadi və turizm potensialı ilə birlikdə bu sahəyə düşən yük də xeyli artmışdır".Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, paytaxtda keçirilən mədəni tədbirlər, gündəlik insan axını, həmçinin vaxtilə yol infrastrukturunda buraxılmış planlaşdırma səhvləri hazırda sıxlıq və nəqliyyat problemlərinə səbəb olur.

Avtobus seqmentində görülən işlər nəzərəçarpacaqdır. Əgər əvvəlki illərdə Bakıda 2000-ə yaxın avtobus fəaliyyət göstərirdisə, son 3 ildə bu say 2200-ü keçmişdir. 2025-ci ilin payız aylarında – avqust, sentyabr və noyabrda – ümumilikdə 400 yeni avtobusun istifadəyə verilməsi planlaşdırılır. Bunlardan 200-ü özəl daşıyıcılar, 200-ü isə dövlət xətti ilə təmin olunacaq. Həmçinin, Azərbaycanda elektrik mühərrikli, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istehsalı həyata keçirilir və bu zavod ildə ən azı 200 avtobusla ictimai nəqliyyata töhfə verə bilər.

Metro infrastrukturunda da yenidənqurma və genişləndirmə işləri nəzərdə tutulub. Tikildiyi dövrdə əhali artımı bu səviyyədə nəzərə alınmadığı üçün metronun stansiya və depo imkanları məhduddur. İndi isə yeni depo və stansiyaların tikintisi ilə bağlı layihələr reallaşdırılır və bu ilin dekabrında bəzi metro stansiyalarında yenidənqurma işlərinə başlanması mümkündür.

Taksi xidmətlərində də əvvəllər müşahidə olunan xaotik vəziyyət artıq tənzimlənməkdədir. Qanunvericilikdə edilən dəyişikliklər, qəbul olunan normativ sənədlər nəticəsində taksi xidmətlərində nizam, intizam və təhlükəsizlik səviyyəsi xeyli yüksəlib. Nəticə etibarilə, Bakının ictimai nəqliyyat sistemi mərhələli şəkildə yenilənir. Lakin mövcud tələbatı tam ödəmək üçün həm maddi resurslara, həm də zamanla paralel həyata keçirilən islahatlara ehtiyac var. Hazırda görülən işlər gələcəkdə nəqliyyat sahəsində daha effektiv və keyfiyyətli xidmətlərin göstərilməsi üçün mühüm baza yaradır.

Müəllif: Günel Fərzəliyeva

Chosen
8
1
sia.az

2Sources