EN

DİN: İstirahət zonalarında 9 oğurluq faktı üzrə 6 nəfər saxlanılıb

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.

DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.

Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.

Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar — çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.

Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.

Chosen
5
36
ikisahil.az

10Sources