​BAKI, 3 avqust. TELEQRAF
"İran və Pakistan arasında dərin tarixi, mədəni və dini bağlar var".
Teleqraf xəbər verir ki, bunun İran Prezidenti Məsud Pezeşkian İslamabadda Pakistan Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
Pezeşkian İranın Pakistanı qardaş kimi gördüyünü və qonşuluq siyasətinin xarici siyasətinin əsas prinsipi olduğunu qeyd edib. O, hazırkı 3 milyard dollarlıq ticarət həcmini qısa müddətdə 10 milyard dollara çatdırmağın mümkünlüyünə inamını ifadə edib.
Səfər çərçivəsində siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə mühüm razılaşmalar əldə olunub və ticarət, mədəniyyət, turizm, nəqliyyat, elmi və təhsil mübadilələrini asanlaşdıracaq sənədlər imzalanıb. Pezeşkian bu razılaşmaların icrası və davamlı dialoq üçün qətiyyətli olduqlarını bildirib.
O, həmçinin tranzit yollarının, dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatının inkişafı, sərhəd bazarlarının təchizatı, ticarətin asanlaşdırılması və birgə iqtisadi zonaların yaradılması kimi məsələlərdə səmərəli müzakirələr aparıldığını qeyd edib. Eyni zamanda, sərhəd bölgələrində terror təhlükələrinə qarşı təhlükəsizliyi və vətəndaşların rahatlığını təmin etmək üçün iki ölkənin əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.