EN

Avropa Kuboku: Azərbaycanın iki cüdoçusu finala yüksəldi

BAKI, 3 avqust. TELEQRAF

Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan cüdo üzrə gənclərlər arasında Avropa Kuboku davam edir.

Teleqraf xəbər verir ki, ikinci yarış günündə tatami üzərinə çıxan Azərbaycan təmsilçiləri Süleyman Şükürovla Ramazan Əhmədov adını finala yazdırıb.

81 kq çəki dərəcəsində yarışan Şükürov 1/8 final mərhələsində serbiyalı Luka Popoviçi üstələyib. O, 1/4-də yunanıstanlı İraklis Balampanidisi, yarımfinalda isə May Kavniki məğlub edib. Süleyman Şükürov həlledici görüşdə Kanada təmsilçisi Artyom Neyolovla üz-üzə gələcək.

+100 kq-da mübarizə aparan Ramazan Əhmədov isə 1/4-də bolqarıstanlı Georgi Garilovu üstələyib. Yarımfinalda xorvatiyalı Luka İvankoviçi məğlub edən Əhmədov finalda Monteneqronu təmsil edən Stefan Koviniçlə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar.

Chosen
2
teleqraf.com

1Sources