EN

Almaniya ötən il sosial müavinətlərə rekord məbləğ xərcləyib

2024-cü ildə “Bürgergeld” üçün 46,9 milyard avro ayrılıb...

Poliqon xəbər verir ki, Almaniya 2024-cü ildə “Bürgergeld” (vətəndaş gəliri) adlı sosial yardım proqramına ümumilikdə 46,9 milyard avro xərcləyib. Bu, əvvəlki illə müqayisədə təxminən 4 milyard avro çoxdur. Rəqəmlər Almaniya Əmək Nazirliyinin “Almaniya üçün Alternativ” (AfD) partiyasının parlament sorğusuna verdiyi cavabda yer alıb.

Sosial müavinətləri ümumilikdə 5,5 milyon nəfər alıb. Onların təxminən 4 milyonu əmək qabiliyyətli şəxslər olub. Yardımların 52,6 faizi — 24,7 milyard avro — Almaniya vətəndaşlarına çatıb. Qalan 22,2 milyard avro (47,4%) isə xarici vətəndaşlara ödənilib. Bu nisbət ötən illə müqayisədə ciddi dəyişməyib.

Xüsusilə Rusiya ilə müharibədən sonra Almaniyaya gələn ukraynalı qaçqınlara və onların uşaqlarına yönələn xərclər diqqət çəkir — 2024-cü ildə bu qrupa təxminən 6,3 milyard avro ödənilib. Əlavə olaraq, sığınacaq axtaranların ən çox gəldiyi 8 ölkədən olan şəxslərə ümumilikdə 7,4 milyard avro verilib.

AfD-dən deputat Rene Şprinqer bu artımı sərt şəkildə tənqid edərək, “Bürgergeld” xərclərinin nəzarətsiz şəkildə artdığını bildirib və xarici vətəndaşların bu müavinətlərdən tamamilə məhrum edilməsini tələb edib.

Əmək bazarı üzrə ekspert Entso Veber isə vəsaitlərin artmasını 2023 və 2024-cü illərdə inflyasiya səbəbilə sosial yardımın baza məbləğlərinin qaldırılması ilə izah edib. Onun sözlərinə görə, 2025-ci ildə artım olmayıb və 2026-cı ildə də gözlənilmir. Veber onu da qeyd edib ki, 2024-cü ilin payızından etibarən əmək qabiliyyətli “Bürgergeld” alıcılarının sayı azalmaqdadır.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources