EN

title

Azərbaycanın enerji siyasəti yeni mərhələyə qədəm qoyur. 2025-ci ilin avqustunda Türkiyənin Kilis şəhərində keçirilən və Azərbaycan qazının Suriyaya ixracının rəsmi başlanmasını bildirən tədbir həm regionda, həm də beynəlxalq miqyasda ciddi rezonans doğurdu. İllərlə davam edən müharibə və iqtisadi böhran şəraitində olan Suriyaya bu miqyasda enerji dəstəyinin göstərilməsi humanitar və geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın bu addımı təkcə Suriyanın iqtisadi dirçəlişinə töhfə vermək məqsədi daşımır. Bu, eyni zamanda ölkənin Yaxın Şərq bazarına nüfuz etməsi, regional enerji marşrutlarının yenidən formalaşdırılması və strateji tərəfdaşlıqların gücləndirilməsi baxımından da önəmli addımdır. 

Şərqşünas alim və beynəlxalq münasibətlər üzrə mütəxəssis Orxan Nəcəfov mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-İmzalanan sazişin texniki detalları nədən ibarətdir?

-Bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Suriyaya ixracının rəsmi başlanğıcı münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın enerji naziri Məhəmməd Əl-Bəşir və Qətər İnkişaf Fondunun rəhbəri iştirak ediblər. Bu mühüm təşəbbüsün əsası iyulun əvvəlində Azərbaycan Prezidenti ilə Suriyanın keçici prezidenti Əhməd Əl-Şarran arasında keçirilən görüşdə qoyuldu. Həmin görüş çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Suriyanın Energetika Nazirliyi arasında qaz ixracına dair anlaşma memorandumu imzalandı.
Sazişə əsasən, Azərbaycanın Suriyanın Səhləb şəhərinə gündəlik 3,4 milyon kubmetr qaz ixrac etməsi nəzərdə tutulur. Bu isə illik hesabla 1,2 milyard kubmetr qaz deməkdir. Verilən məlumata görə gündəlik ötürülən qazdan 900 meqavat gücündə elektrik enerjisi istehsal olunacaq.
Qeyd edək ki, vətəndaş müharibəsi nəticəsində Suriyaya 250-400 milyard dollar arası ziyan dəyib və əhalinin 90%-dən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Milyonlarla suriyalı isə hələ də öz vətənlərinə dönə bilməyiblər. Belə bir şəraitdə Azərbaycanın Suriyaya qaz ixrac etməsi bu ölkənin çökmüş iqtisadiyyatına ciddi dəstək kimi qiymətləndirilir.

-Bu addım beynəlxalq mediada necə qarşılandı?

-Azərbaycanın bu addımı beynəlxalq iqtisadi dairələrdə də diqqət çəkib. Məsələn, İsrailin "Qlobus" nəşri bu barədə geniş məqalə dərc edib. Məqalədə bildirilir ki, Azərbaycanın Suriyaya qaz ixracı yalnız iqtisadi deyil, həm də geosiyasi məqsədlər daşıyır. Nəşrə görə Azərbaycan Suriyanın Banias limanı və digər xətlər vasitəsilə ərəb qaz boru kəmərinə qoşulmaq niyyətindədir. Bu kəmərin bir hissəsi Liviya, digər hissəsi isə Suriyanın infrastrukturuna bağlıdır.

-Azərbaycanın İsrail ilə enerji sahəsində əməkdaşlığı da diqqət çəkir. Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycanın İsraillə də enerji sahəsində sıx əməkdaşlığı var. İsrailin neft ehtiyaclarının 40-60%-ni Azərbaycan ödəyir. Mart ayında imzalanmış sazişə əsasən Azərbaycan İsrailə qaz ixracını artırıb. Həmin nəşr yazır ki, SOCAR mart ayında İsrailin şimal-qərb iqtisadi zonasında yerləşən "Blok 1"də qaz kəşfiyyatı üçün razılaşma imzalayıb. "Qlobus" həmçinin qeyd edir ki, Azərbaycan Suriyadakı fəaliyyəti ilə bu ölkədə İranın təsirini zəiflətməyə çalışır. Türkiyə ilə sıx əməkdaşlıq edən Azərbaycan bölgədə əsas oyunçulardan birinə çevrilir.

-Azərbaycanın Suriyada möhkəmlənməsi regiondakı digər güclərin, xüsusilə Ermənistanın maraqlarına necə təsir edə bilər?

-Tarixən erməni diasporasının güclü olduğu Suriyada Azərbaycanın bu səviyyədə fəaliyyəti olmayıb. İndi isə ölkənin artan iqtisadi və siyasi gücü, enerji resurslarına sahib olması ona Yaxın Şərq bazarına daxil olmağa imkan yaradır. Bu, Azərbaycanın regiondakı nüfuzunun artmasına və erməni diasporasının təsir imkanlarının azalmasına gətirib çıxarır. Xatırladaq ki, Birinci və İkinci Qarabağ müharibəsi zamanı Suriya ərazisindən erməni tərəfinə muzdluların göndərildiyi barədə məlumatlar mövcuddur.

-Türkiyənin də açıqlamaları oldu. Hansı önəmıi mesajlar verildi?

-Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar da mühüm açıqlamalarla çıxış edib. O bildirib ki, yaxın gələcəkdə Azərbaycanın Türkiyəyə bütün enerji daşıyıcıları və logistik marşrutları Zəngəzur dəhlizi üzərindən daxil olacaq. Hazırda isə Azərbaycanın elektrik enerjisi Türkiyəyə Gürcüstan vasitəsilə ötürülür.
Bayraktar əlavə edib ki, Orta Asiyadan digər enerji resursları da Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya nəql ediləcək. Bu açıqlama bir daha Zəngəzur dəhlizinin regional əhəmiyyətini və onun açılmasının aktuallığını ön plana çıxarır.

-Bu əməkdaşlığın region üçün daha geniş təsirləri ola bilərmi?

-Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ötürülməsi təkcə bu iki ölkə üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyan hadisədir və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Chosen
13
sherg.az

1Sources