EN

Qərbi qəbrə qədər gəbərtməyə qadir dəbbə

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ritorik təhdidlərinə cavab olaraq iki Amerika nüvə sualtı qayığını “müvafiq bölgələrə” göndərəcəyini bəyan edib.Bu xəbəri mənə görmə və eşitmə qabiliyyətini Qarabağ müharibəsində qismən itirmiş yoldaşım göstərdi və ciddi narahatlığını bildirərək xahiş etdi ki, vəziyyəti ona başa salım... DEYİRƏM (ucadan çığırıram ki, dostum eşitsin):– Başımıza xeyir... Yaxşı ki, Xəzər dənizinin heç bir okeana çıxışı yoxdur və ümid edirəm ki, bu nüvə qayıqlarının seçdiyi "müvafiq bölgələr" Bakıdan uzaqdır.Bugünkü dünyanın vəziyyəti mürəkkəbdir. Heç kim qaydalara əməl etmir və hər şey tədricən xaosa çevrilir.Mən bir jurnalist kimi 1990-cı, 2000-ci və hətta 2010-cu illərdə dəfələrlə bu cür mənzərələrlə rastlaşmışam- İraqda, Misirdə, Suriyada, Liviyada və digər qaynar nöqtələrdə. Hər dəfə hadisələrin arxasında bir və eyni təməl görünürdü — Kapital.

Kapital dünyası — maraqların mürəkkəb kombinasiyasından ibarət bir sistemdir. Burada nəfs daim artır, hər şey mənfəətə doğru yönəlir. Kapital imkanları ya istifadə edir, ya da — əgər bu mümkün deyilsə — onları rəqiblərə çatmasın deyə məhv edir.DEYİRƏM (ucadan deyirəm ki, yaxşı eşitsin):– Kapital körpü tikmir — ya onu alır, ya da körpü rəqibə aparırsa, onu partladır.

Karl Marks isə belə deyir:

“Kapital hər bir maneəni aşa-aşa hərəkət edir. Onun yeganə qanunu — mənfəətdir. Mənfəət uğrunda o qan tökür, yalan danışır, vəhşiləşir. 300 faiz mənfəət varsa, cinayət belə onun üçün müqəddəs olur”.(Karl Marx, “Das Kapital”, Vol. 1)

Fikrimcə, qlobal kapitalizmin ən böyük səhvlərindən biri Rusiyanı - kommunist köklərindən tam qopmamış bir ölkəni - kapitalist dövlətə çevirmək cəhdi oldu.

Kapitalist Rusiya imperiyasının tarixən işğalçı təbiəti haqda, düşünürəm, bilməyən yoxdur. Avropanın, Türkiyənin, İranın və Asiya ölkələrinin kifayər qədər hissəini işğal edən rus “əsgər sapoqu”ndan o zamanlar hamı qorxurdu. Məhz bu səbəbdən ötən əsrin əvvəlində Qərbin kollektiv Kapitalı G.V. Plexanov və V.İ. Leninin vasitəsilə Rusiyanı kapitalist dövlətdən sosialistə çevirmək üçün sərmayə qoydu — məqsəd onu zəiflətmək və dar relslərə salmaq idi.

Amma görünür, o dövrün Avropa kapitalist ideoloqlarının konspektləri Hitlerin kitabxanalarda məhv oldu, qalanları isə "hippi subkulturası"nın içində itib-batdı. Yeni dövrün neokapitalistləri əllərində LGBT bayraqları, dillərində Lennonun “All You Need Is Love” mahnısını oxuya-oxuya SSRİ-yə tərəf irəlilədilər. Əllərindəki gülləri Berlin divarına o qədər çırpdılar ki, divar da dağıldı, güllər də.

O zaman artıq rəngarəng Qərb çoxdan unutmuşdu ki, Rusiya “yataqda – elə bil cəbhədədir" və SSRİ-də “seks yoxdur”. Nəticə? Rusiya imperiyasından qalan kapitalist işğalçı Rusiya, üstəgəl kommunist ideologiyası və “İsa Məsih kompleksi” ilə silahlanmış - partlayıcı bir hibrid yarandı.DEYİRƏM (bərkdən deyirəm ki, yazıq eşitsin):

– Gənc kapitalistlər “Divarlara yox!” devizi altında SSRİ-yə qarşı çıxandan sonra özləri ABŞ ilə Meksika, İsrail ilə Fələstin və s. yerlərdə yeni və daha böyük divarlar tikdilər...Slavoy Jijek deyirr:

“Bugünkü kapitalizmə kənarda düşmən lazım deyil — o, düşməni öz daxilində yaradır. Qanunların olmadığı yerdə yazılmamış qaydalar və normalar ("kodekslər") işə düşür”.(Žižek, “Violence”, 2008)

Sovet sistemində kapitala qarşı yönəlmiş tamamilə fərqli bir ictimai formasiya vardı. İşçi qüvvəsinin az maaşla istismarından yaranan dəyər ayrı-ayrı kapitalistlərin cibinə yox, dövlət büdcəsinə gedirdi — inkişafa, mədəniyyətə, təhsilə və bəlkə də kommunizmin dünya üzrə ixracı kimi utopik arzulara xərclənirdi.

Dünyalar arasında müəyyən paritet vardı. Qlobal Kapitalın hüdudları mövcud idi. Soyuq müharibə zəif alovla yanırdı, amma hamı yaşayırdı. Bu gün isə hamı ölür. Və qorxuram ki, bu hələ başlanğıcdır.

KAPİTAL NƏYƏ GÖRƏ İŞİ SONA ÇATDIRA BİLMİR?İraq, Liviya, Misir - və onların qarşısında duranlar - bu ölkələrdə bütün maraqlı tərəflər artıq dəyər logikasına uyğun hərəkət edirdi. Hər şey mənfəət norması üçün edilirdi. Amma postsovet məkanında - Rusiya, MDB ölkələri,habelə İran, Türkiyə və Pakistan kimi dövlətlərdə - Karl Marksın təxmin etmədiyi əlavə bir element mövcuddur.

Əgər Kapital dəyərin dövriyyəsidirsə (pul, məhsul, resurs və s. vasitəsilə öz ölçüsünü artırmaq üçün), bizim regionda onun yanında bir də “ƏDV” — Əlavə Dəbbə Vergisi fəaliyyət göstərir.

Bu dövlətin vergisi deyil. Bu, kollektiv cinayət şüurunun vergisidir. Onu heç kim ödəmir, əksinə, o zorla tutulur və dərhal yeyilir.

ƏLAVƏ DƏBBƏ VERGİSİ (ƏDV) NƏDİR?Əlavə Dəbbə Vergisi — postsovet dünyasının "qara materiyasıdır". Heç kim onu görmür, amma o, sistemi deformasiyaya uğradır, trayektoriyaları əzir, islahatları pozur və körpüləri dağıdır.

Əgər Nyuton mexanikası qaydalarına uyğun hərəkət edən kapitalizm adlı cazibə qüvvəsi nəticəsində bir vaxt süquta uğramalıdırsa, “ƏDV” kvant xaosu var. Burada bütün obyektlər eyni zamanda aktiv və passivdirlər və onlar üçün "alçalmaq" anlayışı mümkün deyil və “ponyatka”lara görə qəbuledilməzdir.

Bu element SSRİ-də yaranıb — ideologiyanın kriminal dünya ilə birləşməsinin yan məhsulu kimi. O, təkcə neft və metallarla yox, “ponyatka” ilə də qidalanır.DEYİRƏM (yenə qışqırıram ki, dostum eşitsin):

– Əgər Kapitalın dövriyyəsində məhsul, pul, resurs kimi kateqoriyalar varsa, ƏDV-də“Kotyol”, “Patsan”, “Svoy” anlayışları işləyir.

Nikolay Berdyayev isə belə deyir: “Rusiya heç vaxt burjuaziyanı sevmədi, amma həmişə imperiyanı sevdiyi qədər kriminalı da sevdi” (“Судьба человека в современном мире”).Axı bu "Kotyol", "Patsan", "Svoy" anlayışları nədir?* "Kotyol" — böyük məbləğdə nağd pul, “ortaq kassa”. Bu kassa həm “vor v zakone”, həm də dövlət məmuru üçün ola bilər. Hər “svoy” ora ödəniş etməlidir.

* "Patsan" — “sözünün üstündə durmaq” anlayışı. Etibarlılıq – amma qanunla yox, “ponyatka” ilə.

* "Svoy" — nə vaxt susmaq, nə vaxt və necə “məsələ həll etmək lazımdır” - bunları bilən adam.

Və bax, bu məqamda Kapital uduzur. Ona görə ki, kritik məqamlarda  kritik məqamlarda “ƏDV” maddi maraq və rasional hərəkət seçimi yerinə tam irrasional “ponyatka”lar çərçivəsində hərəkət edir, yəni “Ölmək ölməkdir, daha xırıldamaq nəyə lazımdır?” və ya “Harada qırıldı qırıldı!” aksiomları ilə.   Əlbəttə, həm Kapital, həm də Əlavə Dəbbə Vergisi dağıdıcı qüvvədir. Amma əgər Kapitalizm qarşısına çıxanı bazar və ya marketinq qanunları ilə məhv edirsə, “ƏDV” bu dağıntıya bir də “Ponyatka” üstünlüyünü əlavə edir.Kapital boşluqdan qorxur və səmərəlilik axtarır. “ƏDV” isə qanundan qorxur və “svoy”ları axtarır. Bu iki güc toqquşanda nə IPO, nə də ən parlaq startap xilas edə bilir.- DEYİRƏM, belə sistemdə ideyalar, institutlar və həyatın məntiqi belə məhv olur.Ziqmunt Bauman isə belə deyir: “Müasir cəmiyyətlərdə sərhədlər mayeləşib. Cinayət, biznes, dövlət və ideologiya bir-birinin libasını geyinir” (Z. Bauman, “Liquid Modernity”, 2000).Məhz buna görə Kapital bizim ölkələrdə işi sona çatdıra bilmir. O, “kotyol”da qaynayır, “Patsan”lara çırpılır və “svoy”ların qucağında boğulur.Heç kim oyun qaydalarını tanımır — və hər şey "bardak"a çevrilir.

Chosen
27
anspress.com

1Sources